MDU-da növbəti tələbə elmi konfransı keçirilib

  • Рубрика записиMühəndislik

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XV elmi konfransı keçirilib. Konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Konfransın açılışında çıxış edən fakültənin dekan əvəzi Almaz Əliyeva gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsində tələbə elmi konfranslarının önəmini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

Tələbələrdən Nail İsmayılov “Üzən Külək Elektrik Stansiyaları”, Salatın Rəhimova “Rəqəmsal əkizlər: modelləşdirmə və simulyasiyanın gələcəyidir”, Səmra Əmirli “Azərbaycanda xalçaçılıq sənəti”, Sona Qasımova “Sənaye əşyalarının internetinin (IIOT) müasir inkişafı və perspektivləri”, Tale Əlizadə “Diferensial tənliklərin bəzi iqtisadi məsələlərin həllinə tətbiqi” mövzusunda çıxış ediblər. Daha sonra, Arzu Həsənova “Oxçuçayın ekoloji terroru”, Qumral Süleymanlı və Fatma Hüseynova “Avtomatikanın təkamülü sənaye inqilablarının nəticəsidir yoxsa səbəbi?”, Çinarə İbrahimova “Big Data və Maşın Öyrənmə texnologiyalarının fərqli cəhətləri”, Leyla Şükürova “Günəş enerjisindən istifadənin perspektivləri” və Pərvin Əhmədov “Hibrid avtomobillərin istifadəsinin müsbət ekoloji amilləri” mövzusunda məruzələrini təqdim ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi və tədqiqat bacarıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.