Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində “Yaşıl Kampus” yanaşması idmanla birləşir: “MDU Green Campus Sports Festival”ı keçiriləcək

Mingəçevir Dövlət Universitetində “Yaşıl Kampus” yanaşması idmanla birləşir: “MDU Green Campus Sports Festival”ı keçiriləcək

2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti ilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “MDU Yaşıl Kampus İdman Festivalı” (MSU Green Campus Sports Festival) keçiriləcək. Festival Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil ediləcək.

Universitetin sosial məsuliyyət, sağlam həyat tərzinin təşviqi və ekoloji davamlılıq prinsiplərinə sadiqliyinin bariz nümunəsi olan festival MDU-nun “Yaşıl Kampus” konsepsiyasının praktiki tətbiqinə xidmət edir. Tədbirin əsas məqsədi tələbə və müəllim heyəti arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, eyni zamanda ətraf mühitə həssas yanaşmanın formalaşdırılmasıdır.

Festival çərçivəsində universitetin müəllim və tələbələri arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq. Belə ki, iştirakçılar qaçış, voleybol, stolüstü tennis, velosiped, üzgüçülük və futbol üzrə keçiriləcək yarışlarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Yarışlar həm fərdi, həm də komanda formatında keçirilərək iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq.

“MDU Yaşıl Kampus İdman Festivalı” yalnız idman tədbiri olmaqla kifayətlənmir, eyni zamanda universitetdə ekoloji şüurun gücləndirilməsi, dayanıqlı həyat tərzinin təşviqi və tələbələrin sosial fəallığının artırılması baxımından mühüm platforma rolunu oynayır. Festival çərçivəsində iştirakçılar arasında ekoloji davranışların təşviqi, təbiətə dost yanaşmanın formalaşdırılması və “yaşıl düşüncə”nin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi istiqamətində maarifləndirici mesajların verilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti özünün 2030 İnkişaf Strategiyası çərçivəsində “Yaşıl Kampus” yanaşmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirərək dayanıqlı inkişaf məqsədlərinə uyğun təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Bu kimi tədbirlər universitetdə sağlam, aktiv və ekoloji məsuliyyətli akademik mühitin formalaşdırılmasına mühüm töhfə verir.