2026-cı ilin 6 aprel tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən Azərbaycan və Qazaxıstan rektorlarının II Forumu çərçivəsində Mingəçevir Dövlət Universiteti Qazaxıstanın üç nüfuzlu ali təhsil müəssisəsi – Manas Kojabayev adına Şimali Qazaxıstan Universiteti, Akademik Y.A. Buketov adına Karaqanda Universiteti və Qorqud Ata adına Qızılorda Universiteti ilə Anlaşma Memorandumları imzalayıb.
Memorandumlar Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən imzalanıb.
İmzalanmış sənədlər tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini, tədris və elmi fəaliyyətlərin inkişaf etdirilməsini, eləcə də beynəlxalq akademik tərəfdaşlıqların gücləndirilməsini nəzərdə tutur.
Memorandumlara əsasən, tərəflər birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, müəllim, tələbə və inzibati heyətin mübadiləsinin təşviqi, eləcə də tədris və tədqiqat fəaliyyətlərinə qarşılıqlı marağın artırılması istiqamətlərində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tərəfdaş universitetlər arasında akademik heyətin müxtəlif tədris və elmi fəaliyyətlərdə iştirakının təşkili, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin təhsil və tədqiqat imkanlarından faydalanması üçün şərait yaradılacaq.
Eyni zamanda, imzalanmış memorandumlar təhsil, elm və innovasiya sahələrində qarşılıqlı əməkdaşlığın inkişafına, müəllim və tələbələrin mübadilə imkanlarının genişləndirilməsinə, magistratura səviyyəsində elmi rəhbərlərin birgə təyini, “Orhun Mübadilə Proqramı” çərçivəsində imkanların genişləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsinə mühüm zəmin yaradır.
Sənədlərdə həmçinin birgə konfransların, simpoziumların, qısamüddətli kursların və elmi görüşlərin təşkili, innovativ tədris və idarəetmə təcrübələrinin mübadiləsi, eləcə də davamlı inkişaf və ətraf mühitin idarə olunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kimi mühüm istiqamətlər öz əksini tapıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qlobal təhsil məkanına inteqrasiyası və dayanıqlı inkişaf məqsədlərinə uyğun strateji tərəfdaşlıqların qurulması istiqamətində həyata keçirdiyi fəaliyyətlər ardıcıl şəkildə davam edir.