Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Münaqişələrin idarə olunması və mediasiya” mövzusunda maarifləndirici görüş keçirilib

  • Рубрика записиPedaqogika

2025-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Münaqişələrin idarə olunması və mediasiya bacarıqları” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbir universitetin Təhsildə sosial-psixoloji xidmət və Sosial iş ixtisaslarının tələbələri üçün təşkil olunmuşdur.  

Tələbələrin münaqişələrin idarə olunması, eləcə də mediasiya prosesinin mahiyyəti və praktik tətbiq mexanizmləri haqqında biliklərin genişləndirilməsi məqsədi daşıyan görüş Pedaqogika və psixologiya kafedrasının müəllimi Gülnar Məmmədovanın rəhbərliyi ilə keçirilib.

Tədbir çərçivəsində tələbələr Mingəçevir 1 saylı Mediasiya Təşkilatında qonaq olmuş, təşkilatın mediatorları Elnur Həsənzadə və Lalə Pirməmmədova mediasiyanın hüquqi və sosial-psixoloji aspektləri, münaqişələrin alternativ həll mexanizmləri, mediatorun fəaliyyət prinsipləri və bu sahədə formalaşan peşəkar bacarıqlar barədə ətraflı məlumat vermişlər.

Görüş zamanı mediatorlar öz praktik təcrübələrinə əsaslanaraq mediasiya prosesinin mərhələləri, tərəflər arasında konstruktiv dialoqun qurulması və münaqişələrin sülh yolu ilə həllində effektiv komunikasiya strategiyaları haqqında təqdimat etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Qeyd olunmuşdur ki, bu cür maarifləndirici görüşlər tələbələrin nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsinə, eyni zamanda gənclərdə dialoq mədəniyyətinin, sosial məsuliyyət hissinin və münaqişələrin sivil yollarla həll bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verir.