MDU-da kitab təqdimatı: “Mən Vətənəm”

2023-cü il aprelin 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin (QHTDA) dəstəyi ilə həyata keçirilən “Cəbhədən cəmiyyətə” müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri layihəsi çərçivəsində “Mən Vətənəm” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respbulikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov, DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar, Birliyin üzvlərindən Elşən Əzim və Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı olmuş şairlər Həsən Kür və Eyvaz Əyyub çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində iştirak etmiş yazarların şeir və hekayələrindən ibarət kitabın gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması baxımından önəmi diqqətə çatdırılıb  və layihə barədə ətraflı məlumat verilib.

Sonra, MDU-nun Təhsil fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs tələblərinin ifasında kitabdan şeir parçaları səsləndirilib.

Müzakirələrlə davam edən kitab təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.