Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında davam edən əməkdaşlıq çərçivəsində 2025-ci il 26–28 noyabr tarixlərində kibertəhlükəsizlik sahəsində bir sıra praktiki təlimlər, emalatxana sessiyaları və maarifləndirici görüşlər təşkil olunub. Tədbirlərdə Mərkəzin nümayəndələri Nemat Rəhimli və Gülyaz İsmayılzadə iştirak ediblər.
Proqramın ilk günündə MDU tələbələri üçün iki saatlıq intensiv təlim keçirilib. Sessiyada müasir kibertəhlükəsizlik müdafiə yanaşmaları, Mavi Komanda əməliyyatlarının əsas funksiyaları və informasiya təhlükəsizliyinin təmin olunmasında istifadə edilən qabaqcıl texnoloji həllər barədə məlumat verilib. Təlim zamanı Təhlükəsizlik Məlumatı və Hadisələrin İdarəolunması (SIEM), Təhlükəsizlik Orkestrasiya, Avtomatlaşdırma və Cavablandırma (SOAR), Son Nöqtə Aşkarlanması və Cavablandırılması / Genişləndirilmiş Aşkarlama və Cavablandırma (EDR/XDR) və Hücumların Aşkarlanması və Qarşısının Alınması Sistemləri (IDS/IPS) kimi təhlükəsizlik alətlərinin iş prinsipləri izah olunub, real jurnal analiz ssenariləri əsasında praktik nümayişlər həyata keçirilib.
İkinci gün universitetin akademik heyəti üçün iş mühitində kibertəhlükəsizlik və kiber gigiyena qaydalarına həsr olunmuş maarifləndirici sessiya təşkil edilib. Sessiyada fişinq və səsli fişinq kimi sosial mühəndislik hücumları təhlil olunub, şifrə idarəçiliyi, elektron poçt təhlükəsizliyi və həssas məlumatlarla düzgün davranış üzrə praktik tövsiyələr təqdim edilib.
Sonuncu gündə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci qəbul proqramına həsr olunmuş məlumat sessiyası keçirilib. İştirakçılara proqramın məqsədi, qəbul prosesi, tələbləri və yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Ardınca “Uzaqdan müdaxilə – Windows 10” adlı praktiki emalatxana təşkil olunub. Emalatxana çərçivəsində Kiber Hücum Zənciri modeli əsasında real fişinq hücumu ssenariləri təhlil edilib, Windows 10 əməliyyat sisteminə uzaqdan müdaxilə üsulları və effektiv müdafiə strategiyaları nümayiş etdirilib.
Keçirilən təlim və emalatxanalar MDU-nun akademik heyəti və tələbələrinin kibertəhlükəsizlik sahəsində bilik və praktik bacarıqlarının artırılmasına mühüm töhfə verib, eyni zamanda universitet ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında gələcək əməkdaşlıq perspektivlərini daha da gücləndirib.