Mingəçevir Dövlət Universitetində 2025-ci il üzrə maliyyə hesabatı Elmi Şurada müzakirə olunub

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində universitetin 2025-ci il üzrə maliyyə fəaliyyətinin nəticələrinə həsr olunmuş Elmi Şura iclası keçirilib.

İclasda universitet rəhbərliyi, Elmi Şura üzvləri, struktur bölmə rəhbərləri və aidiyyəti əməkdaşlar iştirak ediblər. Tədbirdə MDU-nun 2025-ci il üzrə maliyyə hesabatı təqdim olunaraq universitetin maliyyə dayanıqlılığının gücləndirilməsi, resurslardan səmərəli istifadə, strateji prioritetlərin maliyyələşdirilməsi və dayanıqlı inkişaf istiqamətində görülmüş işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hesabat dövründə maliyyə vəsaitlərinin idarə olunması universitetin strateji inkişaf məqsədlərinə uyğun şəkildə həyata keçirilib. Maliyyə resurslarının tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, rəqəmsal transformasiya proseslərinin genişləndirilməsi, tələbəyönümlü xidmətlərin inkişaf etdirilməsi, infrastrukturun modernləşdirilməsi və dayanıqlılıq təşəbbüslərinin reallaşdırılması istiqamətlərinə yönəldilməsi təmin olunub.

Müzakirələr zamanı universitetdə tətbiq olunan şəffaf və məsuliyyətli maliyyə idarəetmə mexanizmlərinin institusional inkişafın mühüm elementlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, maliyyə planlaşdırılması və xərclərin icrası üzrə həyata keçirilən nəzarət mexanizmləri və daxili monitorinq sistemi maliyyə resurslarının səmərəli istifadəsinə, risklərin minimuma endirilməsinə və uzunmüddətli maliyyə dayanıqlılığının təmin edilməsinə xidmət edir.

İclasda həmçinin tədris və tədqiqat fəaliyyətlərinin maliyyə təminatının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, rəqəmsal universitet modelinin inkişaf etdirilməsi və yaşıl kampus təşəbbüslərinin maliyyələşdirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Elmi Şura üzvləri tərəfindən maliyyə hesabatı ətrafında fikir və təkliflər səsləndirilib, universitetin maliyyə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Müzakirələrin yekununda Mingəçevir Dövlət Universitetinin 2025-ci il üzrə maliyyə hesabatı Elmi Şura tərəfindən müsbət qiymətləndirilərək qəbul olunub və növbəti dövr üçün müəyyən edilmiş strateji hədəflərin icrası istiqamətində fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, MDU-da maliyyə hesabatlılığı, şəffaflıq və hesabatlı idarəetmə prinsiplərinin tətbiqi universitetin dayanıqlı inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən olunub.