Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

  • Рубрика записиKönüllülük

2021-ci ilin 1 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə dəstək göstərən könüllü gənc əməkdaşlardan ibarət komanda üzvləri ilə görüş keçirilib.

Görüşdə universitetin tanıtımı, abituriyentlərin maarifləndirilməsi və düzgün yönləndirilməsi işinə töhfə verdiklərinə görə gənclərə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov ali təhsil müəssisələrinin çevik və effektiv fəaliyyətində könüllülük işinin önəmindən bəhs edib.

Qəbul imtahanlarında yüksək nəticə göstərən bir çox abituriyentin MDU-nu seçməsinin sevindirici hal olduğunu qeyd edən rektor bu istiqamətdə könüllü gənclərin fəaliyyətini müsbət qiymətləndirib və onlara uğurlar arzulayıb.

Universitetin inkişafında pay sahibi olmağın başlıca vəzifələrdən olduğunu vurğulayan gənc əməkdaşlar son dövrdə MDU-nun müasirləşməsi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdə könüllü qismində iştirakın onların hərtərəfli inkişafı üçün faydalarından danışıb və yaradılan şəraitə görə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, cari ilin may ayında MDU-da könüllülərdən ibarət yaradılan sözügedən komandanın əsas məqsədi Mingəçevir Dövlət Universitetində tələbə olmağa namizəd abituriyentlərin maarifləndirilməsi, düzgün ixtisas seçimi və gələcək karyera inkişafı ilə bağlı onlara müvafiq məsləhətlərin verilməsi olub. Bu məqsədlə, könüllü gənclərin “Tyutor Xidməti”, “Şəxsi inkişaf və karyera planlaşdırılması” və digər mövzularda təlim proqramlarında iştirakı təmin edilib.