Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə birgə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirəcək

  • Рубрика записиBeynəlxalq

6 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcəkdir.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramovun açılış nitqlərindən sonra məruzələr təqdim ediləcəkdir.

Proqrama uyğun olaraq, Türkiyənin Qazi Universitetinin professoru Halil Çeltik “Nizami Gəncəvinin “Fərhad və Şirin” poeması” mövzusunda, Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürlər” mövzusunda, MDU-nun dosenti Esmira Cəfərova “Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda, MDU-nun dosenti Mayıl İsmayılov “Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzusunda çıxış edəcəklər.

Konfrans Bakı vaxtı ilə saat 16:00-da başlayacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, onun ölkə miqyasında və beynəlxalq səviyyədə təbliği diqqət mərkəzində saxlanılır.