Mingəçevir Dövlət Universiteti (MDU) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti (MDU) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir

Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən kompleks tədbirlər, ilk növbədə, əsas strateji hədəfə – paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanıb. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.

Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilImizdəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib.

Prioritetlər üzrə əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi istiqamətində mühüm inkişaf əldə olunmasına imkan verir. Məhz bu amil həm universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə dəstək verir.

Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olub. Kollektivin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində MDU bu vəzifənin öhdəsindən gələ bilib. Bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində tədrisin məsafədən təşkili mümkün olub.

Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun profili yaradılıb. Profilə əsasən bu vaxta qədər əməkdaşların 9 məqaləsi “Web of Science®” bazasında indekslənən elmi nəşrlərdə dərc olunub.

Dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin və mexanizmlərin tətbiqinə diqqət yetirilir. İlk növbədə, tələbələrin bütün səviyyələrdə idarəetmə prosesində fəal iştirakı təmin edilir. Əsaslandırılmış struktur islahatları tədris prosesinin səmərəli təşkilinə, idarəetmədə paralelliyin aradan qaldırılmasına, innovativ fəaliyyətin effektiv qurulmasına, kadrların inkişafının əlaqələndirilməsinə, ictimaiyyətlə əlaqələr və kargüzarlıq işinin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.

İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılıb.

2020/2021-ci tədris ilində tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin müasir yanaşmalar əsasında inkişaf etdirilməsi, tələbələrin universitet idarəçiliyində iştirak səviyyəsinin artırılması, əməkdaşların bilik və bacarıqlarının gücləndirilməsi, differensial əmək haqqı sisteminin tətbiqi, tələbələrin mübadilə proqramlarında daha aktiv iştirakı, yeni əməkdaşlıqların yaradılması, startap və könüllülük fəaliyyətinin genişləndirilməsi diqqət mərkəzində olacaqdır.

COVID-19 infeksiyası ilə mübarizənin davam etməsi səbəbindən tədris prosesi əsasən məsafədən həyata keçiriləcəkdir. Ötən tədris ilində toplanılan təcrübə, akademik heyətin və tələbələrin məsuliyyətli yanaşması və Təhsil Nazirliyinin davamlı dəstəyi online dərslərin daha keyfiyyətli təşkilinə ciddi zəmin yaradır.

Yeni tədris ilində MDU-nun müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi istiqamətində daha ciddi nəticələrin əldə olunması üçün bütün əsaslar vardır.

Son bir il ərzində müasir təhsil, doğru seçim və uğurlu karyera prinsiplərinə əsaslanan MDU-nun fəaliyyətində müşahidə olunan 10 əsas məqam aşağıdakılardır:

– paytaxt səviyyəli universitet hədəfi

universitetin fəal tanıtımı

tədrisdə keyfiyyət artımı

– elmi-innovativ yanaşma

– çevik və şəffaf idarəetmə

– idarəçilikdə tələbə fəallığı

– heyətin motivasiyası

– ictimai hesabatlılıq

səmərəli PR işi

– faydalı tərəfdaşlıqlar

Ali təhsillə bağlı ən son yeniliklərlə maraqlanan, kreativ təkliflərlə çıxış etmək istəyən hər kəsi Ali Təhsil Facebook qrupuna üzv olmağa dəvət edirik!