Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının üçüncü həftəsi uğurla yekunlaşıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının üçüncü həftəsi uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının üçüncü həftəsi də uğurla başa çatıb. MDU-da imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

Cari imtahan sessiyasının 25-29 yanvar tarixlərini əhatə edən növbəti həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2452 tələbənin 211 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən təşkil olunan imtahanlarda yalnız 3 tələbə iştirak etməyib. İmtahan vermiş tələbələrin 42,6%-i 51-100 bal, 36,0%-i 71-100 bal, 21,3%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 3 tələbənin qeyri-kafi qiymət aldığı üçüncü imtahan həftəsində 4 tələbənin Appelyasiya Komissiyasına müraciəti qeydə alınıb.

Magistratura səviyyəsində isə 22 qrup üzrə ümumilikdə 40 imtahan keçirilib və 100% iştirakçılıq qeydə alınıb. Magistrantların 20,0%-i 71-100 bal, 75,7%-i isə 91-100 bal ilə qiymətləndirilib.

MDU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında təşkil olunub. İmtahan Qərargahı, “Qaynar xətt” və Appelyasiya Komissiyasının çevik və operativ fəaliyyəti təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar.

Qeyd edək ki, 2021-ci ilin 11 yanvar tarixində başlayan payız semestrinin imtahan sessiyası 6 fevral tarixinədək davam edəcək.