Mingəçevir Dövlət Universitetində “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar keçirilib

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar keçirilib. Seminar MDU-nun “İqtisadiyyat” kafedrasının təşəbbüsü ilə təşkil olunub.

“Microsoft TEAMS” platforması üzərindən online formada keçirilən seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə edilən tarixi Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib, otuz illik həsrətə son qoyan möhtəşəm qalibiyyətin qazanılmasında canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Sonsuz fəxarət və qürur hisləri ilə yanaşı, üzərimizdə böyük məsuliyyət hissi yaradan tarixi qələbənin yeni çağırışlar meydana çıxardığını qeyd edən rektor işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərdən danışıb.

Uzun illər ərzində erməni vandalları tərəfindən dağıdılmış və talan edilmiş əzəli torpaqlarımızın zəngin resurs potensialına və əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasını diqqətə çatdıran Ş.Bayramov bölgənin reinteqrasiyası nəticəsində bütövlükdə ölkənin dayanıqlı iqtisadi artımı üçün yarana biləcək yeni imkanlardan bəhs edib.

Dövlət tərəfindən Qarabağın inkişafı məqsədilə həyata keçiriləcək inkişaf proqramlarına, görüləcək abadlıq və quruculuq işlərinə ali təhsil müəssisələrinin mümkün dəstəyindən bəhs edən Ş.Bayramov bu istiqamətdə MDU-nun qısa, orta və uzunmüddətli dövrlər üzrə rolunun müəyyən edilməsinin zəruriliyindən danışıb və bu baxımdan nəzəri-praktiki seminarın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva “Qarabağda iqtisadi potensialın araşdırılmasına elmi yanaşma” mövzusunda, “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev “Qarabağın sosial-iqtisadi inkişafı tarixi qələbəmizin növbəti mərhələsi kimi” mövzusunda, “İqtisadiyyat” kafedrasının müəllimi Cəlil Bağırov “İşğaldan azad olunmuş torpaqlarda turizm-destinasiya imkanları” mövzusunda çıxış ediblər. Məruzələrdə 30 il ərzində işğal altında olması səbəbindən müvafiq elmi-tədqiqatlardan, innovativ inkişaf proseslərindən kənarda qalmış Qarabağın iqtisadi potensialının qiymətləndirilməsi, erməni təcavüzü nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyanın ölçülməsi, post-konflikt dövründə zəruri təhlükəsizlik tədbirlərinin görülməsindən sonra, ilkin mərhələdə bölgədə yüksək əlavə dəyər yarada biləcək tikinti, aqrar, emal sənayesi, dağ-mədən sənayesi, turizm, eləcə də, ekoloji, dağ və qış, ov, kurort-müalicə, tarixi-mədəni və digər turizm növlərinin inkişafı, Qarabağ turizm marşrutunun bərpası, xarici və daxili investisiyaların təşviqi, yeni yataqların kəşf edilməsi və ehtiyatların proqnozlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi və digər istiqamətlərdə elmi-tədqiqatların aparılmasının zəruriliyindən və yeni iqtisadi perspektivlərdən bəhs edilib.

Böyük maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və mövzularla bağlı verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırılıb.

Nəzəri-praktiki seminarda universitet əməkdaşlarının Vətən müharibəsində əldə olunan tarixi qələbənin iqtisadi perspektivləri və işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafı ilə bağlı tədqiqatlara böyük maraq göstərməsi yüksək qiymətləndirilib, bu istiqamətdə fəallığın daha da artırılması üçün MDU tərəfindən bütün zəruri imkanların yaradılacağı qeyd olunub.

{phocagallery view=category|categoryid=489|limitstart=0|limitcount=0}