Mingəçevir Dövlət Universitetinin tələbələri Bakı Dövlət Universitetində təhsil alacaqlar

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbələri

Bakı Dövlət Universitetində təhsil alacaqlar

 

Mingəçevir Dövlət Universitetinin (MDU) iki tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində (BDU) təhsil almağa başlayıb. Tələbə mübadiləsi iki universitet arasında 2019-cu ilin 30 sentyabr tarixində imzalanmış əməkdaşlıq haqqında protokol sayəsində mümkün olub. Mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas götürülüb.

MDU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbələri Səbinə Rzayeva və Aytac Ədilova 2020-ci ilin 17 fevral tarixində BDU-da dərslərə start veriblər.

Cari ilin 14 fevral tarixində MDU-nun rektoru Şahin Bayramov mübadilə üçün seçilmiş hər iki tələbə və onların valideynləri ilə görüşüb. Milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan ali təhsilinin ümumi mənzərəsini müəyyən edən aparıcı ali təhsil ocaqlarından biri olan 100 yaşlı BDU-da təhsil alacaq tələbələri təbrik edən Ş.Bayramov onlara uğurlar arzulayıb. Hər iki tələbənin mübadilə müddətində MDU-nu layiqincə təmsil edəcəyinə əminliyini bildirən Ş.Bayramov onların iki universitet arasındakı əməkdaşlığın gələcək inkişafına mühüm töhfələr verə biləcəklərini vurğulayıb.

BDU-da təhsil almaq imkanının yaradılmasına görə təşəkkür edən tələbələr və onların valideynləri göstərilən etimadı doğrultmağa və mübadilə dövründə yüksək akademik nailiyyətlər qazanmağa çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, MDU tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini hədəfləyən fəaliyyətində digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil müəssisəsinin təcrübəsindən faydalanmağa xüsusi önəm verir.

Bu baxımdan, 2019-cu ildə BDU-nun MDU-da keçirilən yubiley tədbiri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında protokol iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

 

{phocagallery view=category|categoryid=317|limitstart=0|limitcount=0}