MDU-da Novruz bayramı münasibətilə mühazirə keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə “Azərbaycanda Novruz ənənələri” adlı mühazirə keçirilib. Universitetin akt zalında keçirilən mühazirədə Mingəçevir Dövlət Dram Teatrının direktoru, əməkdar artist İntiqam Soltan MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları qarşısında çıxış edib.

İ.Soltan Novruz bayramının xalq adət-ənənəsini və mifoloji dünyagörüşünü özündə cəmləşdirdiyini, bu adətlərin öyrənilməsində folklorşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Qədim Novruz atributlarının mənası və tarixi haqqında məlumat verən əməkdar artist bayramın hər bir evə bərəkət, xoşbəxtlik gətirdiyini bildirib.

Novruz bayramının Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşatdığını vurğulayan İ.Soltan bu bayramın dövlət səviyyəsində qeyd edildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramının UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edildiyini bildirib.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırlıb.

Qeyd edək ki, mühazirə “Mingəçevir Dövlət Universitetində “Novruz bayramı”nın keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilib.