Mingəçevir Dövlət Universitetində “Qlobal bilik axını və dayanıqlı tərəfdaşlıq çərçivəsində “Orhun Mübadilə Proqramı” mövzusunda tələbə və müəllim mübadiləsinə həsr olunmuş məlumatlandırma görüşü (Info Day) təşkil edilib. Tədbirin əsas məqsədi “Orhun Mübadilə Proqramı”nın imkanlarını universitetin tələbə və müəllim heyətinə təqdim etmək, akademik mobilliyin və beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində məlumatlılığı artırmaq olub.
Tədbirdə çıxış edən Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin koordinatoru Pərviz Məmmədrzayev “Orhun Mübadilə Proqramı”nın Türk dünyasında ali təhsil sahəsində əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, proqram Türk dünyasında ortaq ali təhsil məkanının formalaşdırılması məqsədilə yaradılıb və 2017-ci ildən etibarən fəaliyyət göstərir.
Bildirilib ki, proqram vasitəsilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan universitetləri arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir. Proqram çərçivəsində tələbələr bir semestr müddətində tərəfdaş universitetdə təhsil almaqla yanaşı, yeni akademik mühitə inteqrasiya olmaq, mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirmək və fərqli tədris təcrübəsi qazanmaq imkanı əldə edirlər. Eyni zamanda müəllim mobilliyi akademik təcrübə mübadiləsini gücləndirməklə tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb, proqramın müraciət mexanizmləri, seçim meyarları və mobillik imkanları ilə bağlı sual-cavab sessiyası keçirilib, tələbə və müəllimləri maraqlandıran məqamlar ətrafında ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, keçirilən məlumatlandırma görüşünün mövzu çərçivəsi qlobal bilik mübadiləsi, akademik mobillik və uzunmüddətli əməkdaşlıq kimi istiqamətləri ön plana çıxarır; bu yanaşma ali təhsildə keyfiyyətin artırılması, imkanların genişləndirilməsi və tərəfdaşlıq şəbəkələrinin möhkəmləndirilməsi kimi prioritetlərlə uyğunlaşır.
Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq təşəbbüsləri çərçivəsində tələbə və müəllim mobilliyinin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qiymətləndirir və akademik icmanı bu kimi imkanlardan aktiv yararlanmağa dəvət edir.