Mingəçevir Dövlət Universitetində “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir” mövzusunda dəyirmi masa keçirilib

2026-cı ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbir Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Ömür Boyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmova açaraq 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm dönüş nöqtəsi olduğunu bildirib, şəhidlərin xatirəsinin daim ehtiramla anıldığını vurğulayıb.

Sonra, dəyirmi masanın proqramına uyğun olaraq 20 Yanvar faciəsi ilə bağlı müzakirələr aparılıb. Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə müşavir Ceyhun Mahmudov, Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva, MDU-nun tələbəsi Ramil Mərzili çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsində tutduğu mövqedən danışıblar. Qeyd olunub ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinin simvoludur.

Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb, 20 Yanvar həqiqətlərinin daim təbliğ olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda 20 Yanvar şəhidlərinin xatirəsi bir daha dərin ehtiramla yad edilib.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.