Mingəçevir Dövlət Universitetində “Qadın sahibkarlığı və iqtisadi gücləndirmə” mövzusunda görüş keçirilib

Mingəçevir Dövlət Universitetində Biznes və menecment kafedrasının təşkilatçılığı ilə “Qadın sahibkarlığı və iqtisadi gücləndirmə” mövzusunda görüş keçirilib. Tədbirdə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimləri və tələbələri, həmçinin sahibkar qonaqlar iştirak ediblər.

Görüşün açılış nitqini Biznes və menecment kafedrasının müdiri Emiliya Hüseynova edib. O, qadın sahibkarlığının cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayaraq, qadınların biznes fəaliyyətində fəal iştirakının iqtisadi artımın və innovativ təşəbbüslərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Eyni zamanda, universitetdə tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların real biznes təcrübəsi ilə tanış olması baxımından belə görüşlərin əhəmiyyətli olduğunu bildirib.

Daha sonra Biznes və menecment kafedrasının müəllimi Təhminə Nəsibova mövzu üzrə təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarların yaratdıqları biznes təşəbbüsləri, onların iqtisadiyyatda oynadıqları rol və qadın sahibkarlığının inkişaf istiqamətləri haqqında məlumat verilib.

Görüş çərçivəsində qonaq qismində iştirak edən “Green Blue” MMC-nin rəhbəri Günel Mustafayeva və “Sağ-Sahil” Şirniyyat evinin sahibi Leyla Ağalarova çıxış edərək öz biznes fəaliyyətləri barədə məlumat veriblər. Onlar sahibkarlıq fəaliyyətinə başlamaq prosesi, biznes qurarkən qarşılaşdıqları çətinliklər, bu çətinliklərin aradan qaldırılması yolları və iş dünyasında qadınların rolu ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və qadın sahibkarlığının inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması, onların biznes mühiti ilə tanışlığının artırılması və praktiki təcrübə qazanması məqsədilə bu kimi görüş və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.