2022-ci ilin 23 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Müzəffər Ali Baş Komandan: Qalib lider” mövzusunda elmi konfrans keçirilib.
Universitetin akt zalında keçirilən konfransda MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Tədbir ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova öz mübarizliyi, cəsarəti, qətiyyəti və mütərəqqi əməlləri ilə seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycanın şərəfli tarixini yazdığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimizin Azərbaycan xalqının sonsuz sevgisini qazandığı vurğulanıb. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin memarı olan Müzəffər Ali Baş Komandanın 30 illik işğala son qoyduğu və müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etdiyi bildirilib.
Qalib liderə həsr olunan videoçarx konfrans iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun akademik heyət üzvlərindən Günel Yunusova “Milli-mənəvi dəyərlərimizin qarantı: layiqli varis”, Qaragöz Kərimov “Yenilməz lider və parlaq gələcəyə aparan inkişaf yolları”, Şəlalə Quliyeva “Müzəffər Prezidentin xarici siyasət doktrinası” və Xədicə Abdullayeva “Dünyaya nümunə: Qalib liderin gənclər siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Möhtərəm Prezidentimizin titanik fəaliyyətinin müvafiq istiqamətləri haqqında ətraflı məlumat verilib.
Konfransın sonunda universitetin bir qrup müəllim və tələbəsinin ifasında vətənpərvərlik ruhunda musiqilər və şeirlər səsləndirilib.
Tədbirin təşkilində MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaxından iştirak edib.