Rektor Şahin Bayramovun Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yubiley təbriki

  • Рубрика записиXəbərlər (AZ)

Rektor Şahin Bayramov özünün şəxsi Facebook səhifəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibətilə təbrik paylaşıb

          Təbrikin mətnini təqdim edirik:

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 yaşı tamam olur.

90 illik yubiley münasibətilə başda professor Ədalət Muradov olmaqla UNEC-in professor-müəllim və inzibati-texniki heyət üzvlərini, bu qocaman ali təhsil müəssisəsinin bütün tələbələrini və məzunlarını təbrik edirəm.

İqtisadiyyat profili üzrə yüksək ixtisaslı kadr hazırlığı həyata keçirən UNEC Azərbaycanın ali təhsil xəritəsində mühüm yer tutmaqla ölkə ali təhsilinin ümumi inkişafında əhəmiyyətli xüsusi çəkiyə malikdir.

Eyni zamanda, yaxın perspektivdə dünya səviyyəli universitetə çevrilməyi hədəfləyən UNEC hazırda milli ali təhsilimizin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında və Azərbaycanın ali təhsil xidmətləri ixracının genişləndirilməsində müstəsna rol oynayır.

Son illər ərzində dünya universitetlərinin bir çox beynəlxalq reytinq siyahalarına daxil olmağı bacaran UNEC Azərbaycan ali təhsilinin qlobal arenada nüfuzunun yüksəlməsinə mühüm töhfələr vermişdir.

Azərbaycanda ali təhsil müəssisələri arasında sağlam rəqabətin güclənməsində önəmli pay sahibi olan UNEC hazırda populyarlığına və cəlbediciliyinə görə seçilən ali təhsil müəssisələrimizdən biridir.

Fikrimcə, UNEC buna həm müasir təhsil texnologiyalarının və innovativ idarəetmə metodlarının tətbiqi, həm də gənc nəslin arzu və maraqlarını nəzərə alan müasir ali təhsil mühitinin yaradılması sayəsində nail ola bilmişdir.

Azərbaycanın iqtisadçı alimlərinin böyük əksəriyyətinin fəaliyyət göstərdiyi UNEC-də iqtisad elminin müxtəlif istiqamətləri üzrə həyata keçirilən elmi tədqiqatların nəticələri həm real iqtisadiyyatda geniş tətbiq edilməsi, həm də nüfuzlu beynəlxalq nəşrlər tərəfindən mütəmadi dərc olunması ilə xarakterizə oluna bilər.

90 illik şərəfli tarixə malik UNEC-in onminlərlə məzunu hazırda milli iqtisadiyyatımızın müxtəlif sektorlarında, dövlət idarəçiliyində və cəmiyyət həyataının digər sahələrində uğurla çalışmaqla ölkəmizin iqtisadi qüdrətinin davamlı yüksəlməsində və Azərbaycanın hərtərəfli inkişafının təmin olunmasında yaxından iştirak edirlər.

Düşünürəm ki, bu gün “UNEC tələbəsi”, “UNEC məzunu” və “UNEC müəllimi” olmaq prestijli hesab olunur. Böyük fəxarət hissi keçirirəm ki, qeyd etdiyim hər üç kateqoriyaya aid olmaq mənə də nəsib olmuşdur. Ali təhsilin bütün səviyyələri üzrə təhsil aldığım və 15 il çalışdığım UNEC mənim üçün doğma elm və təhsil məbədi (Alma Mater), çox önəmli dəyərdir.

100 illik tarixinin sonuncu onilliyinə qədəm qoyan UNEC ailəsinə gələcəkdə daha böyük uğurlar arzulayır, UNEC-dəki bütün dostlarımı 90 illik yubiley münasibətilə bir daha təbrik edirəm.

 UNEC məzunu