Rektor Şahin Bayramovun “Azərbaycan müəllimi” qəzetinə müsahibəsi

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov

“Azərbaycan müəllimi” qəzetinə müsahibə verib

 Müsahibənin mətnini təqdim edirik:

“Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir”

 

Şahin Bayramov: “MDU-nun həm akademik heyəti, həm də tələbələri çox qısa bir zamanda məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər”

 Son günlərdə dünyanı bürüyən  koronavirus pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar  olaraq universitetlər yaranmış şəraitdə məsafədən təhsilin tətbiqi yolunu seçdi,  təhsilin fasiləsizliyinin təmin olunmasını özünün prioritet vəzifəsi kimi həyata keçirməyə başladı.  Bu prosesə Azərbaycanın ali təhsil müəssisələri də çevik adaptasiya olundular.  Onlardan biri də son illər ali  təhsil sistemində yenilikləri, həyata keçirdiyi mütərəqqi dəyişiklikləri, təşəbbüsləri  ilə diqqəti cəlb edən Mingəçevir Dövlət Universitetidir (MDU).  Qeyd edək ki, ali məktəb məsafədən təhsililn geniş tətbiqinə karantin dövrünün ilk günlərindən başlayıb.

 Mingəçevir Dövlət Universitetinin rektoru  Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu sahədə görülən işlərdən və yeni təşəbbüslərdən danışıb.

– Pandemiya şəraitində ali məktəblərimizdə distant tədris davam edir. Mingəçevir Dövlət Universiteti  bu yeniliklərə nə dərəcədə hazır idi? Rəhbərlik etdiyiniz  ali təhsil ocağında məsafədən tədrisə keçid çətin olmadı ki?

– Təbii ki, koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi MDU üçün də fərqli və ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri edib. İlk növbədə, qeyd etmək lazımdır ki, mövcud şəraitdə MDU-nun fəaliyyətini bütün əməkdaşların və tələbələrin evdə qalması şərtləri çərçivəsində qurmağa çalışırıq. Hesab edirik ki, yeniliklərə nə dərəcədə hazır olmağımız hər şeydən öncə baş verən dəyişikliklərə adekvat reaksiya verə bilmək və mövcud resurslar nəzərə alınmaqla,  çevik qərarlar qəbul etmək imkanlarımız ilə ölçülə bilər. Eyni zamanda, sözügedən hazırlığın səviyyəsini müəyyən edən amillər arasında həm professor-müəllim və inzibati-texniki heyət üzvlərimizin, həm də tələbə və magistrantlarımızın qlobal pandemiya dövrünün şərtlərinə uyğunlaşmaq bacarıqları xüsusi əhəmiyyət kəsb edir.

Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin məqsədyönlü fəaliyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində universitetimiz koronavirusla mübarizə şəraitindən irəli gələn yeniliklərə hazır vəziyyətə gətirilə bildi. Daha konkret desək, bütün mümkün online kommunikasiya alətlərindən istifadə sayəsində cari ilin mart ayının əvvəlindən başlayaraq, MDU-nun fəaliyyəti məsafədən idarəetmə modeli əsasında qurulub. Nəticədə, bu vaxta qədər ənənəvi qaydada həyata keçirdiyimiz bütün istiqamətlər (idarəetmə, tədris, elm, maliyyə, kadr, tərəfdaşlarla iş və s.) üzrə cari fəaliyyətimizin təşkilində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olmuşuq.

Ötən dövr ərzində MDU Elmi Şurasının iclasları, rektorluq iclasları, fakultə elmi şuralarının iclasları, kafedra iclasları və digər çoxsaylı tədbirlər internet üzərindən online formatda keçirilib. Çevik kommunikasiya mexanizminin tətbiqi ilə, bütövlükdə MDU-nun normal fəaliyyəti təmin olunub, yuxarıda qeyd olunan istiqamətlər üzrə nəzərdə tutulan bütün məsələlər (qərarqəbuletmə; dərslərin keçirilməsi; elmi fəaliyyətin təşkili; əmək haqları, təqaüdlər, sosial, vergi, kommunal və digər ödənişlər; sənədləşmə və kərgüzarlıq və s.) nəzərdə tutulan müddətlərdə və keyfiyyətdə həyata keçirilib. Bu dövrdə tələbə və müəllimlərin iştirakı ilə koronavirusla mübarizəyə dair bir neçə maarifləndirmə tədbiri, Elm gününə həsr olunmuş tələbə elmi konfransları, doktorantların elmi seminarı, 2016-ci ilin aprel döyüşlərinə həsr olunan  konfrans və digər çoxsaylı tədbirlər virtual qaydada təşkil olunub.

Təbii olaraq, fəaliyyətimizin əsasını tədris təşkil edir və karantin müddətində əsas hədəfimiz tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. Məhz bu hədəfə çatmaq məqsədilə, malik olduğumuz bütün infrastruktur imkanlarını və kadr potensialını səfərbər etməklə, cari ilin 17 mart tarixindən etibarən MDU-da dərslərin online (“ZOOM” platforması vasitəsilə) və offline (Youtube kanalı üzərindən təqdim olunan “Videodərslər” vasitəsilə) rejimdə təşkilinə start verdik. 2020-ci ilin 6 aprel tarixindən etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetimizdə dərslərin “Microsoft Teams” platforması üzərindən də keçirilməsinə başladıq.

Düşünürük ki, regionda yerləşən universitetimizdə məsafədən tədrisə keçid gözlənilən qədər də çətin olmadı. Təbii olaraq, ilk dövrdə online kommunikasiya sahəsində təcrübənin az olması, İT avadanlıqlardan istifadə bacarıqlarının eyni olmaması, internetə çıxış imkanlarındakı fərqli durum və digər obyektiv amillər özünü göstərməyə bilməzdi. Bununla belə, indiyə qədər MDU-da bu sahədə təcrübənin olmamasına baxmayaraq, həm akademik heyətimiz, həm də tələbələrimiz çox qısa bir zamanda məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər. Əminliklə deyə bilərik ki, virtual formada keçirilən hər növbəti dərsin birmənalı olaraq bir əvvəlki dərsdən daha məzmunlu və keyfiyyətli olması tədris prosesinin bütün iştirakçıları tərəfindən qəbul edilən faktdır.

Sevindirici haldır ki, MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına evdə qalaraq təqdim olunan dərslər tələbələrimiz və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Qısa müddətdə böyük marağa səbəb olan  məsafədən dərslər barədə tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən məmnunluq ifadə edən çoxsaylı müraciətlər almışıq.

– Hazırda tədris prosesi necə keçir? MDU-nun bütün tələbələri distant təhsilə cəlb oluna bilibmi?

– Hazırda MDU-nun bakalavriat və magistratura səviyyələrində tədris prosesi yuxarıda qeyd etdiyimiz hər üç məsafədən təhsil metodunun paralel tətbiqi ilə müvafiq dərs cədvəlləri əsasında təşkil edilir. Əsas məqam ondan ibarətdir ki, universitet üzrə cari semestrdə tədris olunan hər bir fənnin konkret mövzuları üzrə mühazirə mətnləri elektron poçt vasitəsilə tələbələrə göndərilib.

Hazırda beynəlxalq təcrübədə də geniş yayılan “Microsoft Teams” və “ZOOM” platformalarının video-konferensiya alətinin tətbiqi sayəsində müəllim və tələbələrimizin virtual məkanda görüşünə nail ola bilirik. Faktiki olaraq “virtual auditoriya”da təşkil olunan interaktiv dərs zamanı real rejimdə görüntülü, çoxtərəfli, yazılı və şifahi müzakirələrin aparılması mümkün olur. Hər iki metod üzrə həm kompüter, həm də mobil tətbiqlərin mövcudluğu onları tələbə və müəllimlərimiz üçün əlçatan edir. Sırf məsafədən təhsil təyinatı ilə yaradılan və daha çox funksional imkanlar təklif edən “Microsoft Teams” platforması tədris prosesinin daha sistemli şəkildə təşkili, idarə edilməsi və monitorinqi üçün şərait yaradır.

Eyni zamanda, alternativ tədris metodu qismində, professor-müəllim heyətimizin iştirakı ilə hazırlanan “videodərslər” MDU-nun Youtube kanalı vasitəsilə offline rejimdə tələbələrimizə təqdim edilir. Belə ki, müəllimlərimizin ev şəraitində çəkdikləri “videodərslər” universitetin İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşları tərəfindən ümumi formata uyğunlaşdırıldıqdan sonra MDU-nun Youtube kanalında yerləşdirilir. Bu metod tələbələrimizin “videodərslər”i konkret vaxtda deyil, onlar üçün uyğun olan istənilən vaxtda (həm də bir neçə dəfə) izləməsinə imkan verir.

Xüsusi qeyd etməliyik ki, hər üç məsafədən təhsil metodu alternativ tədris vasitələri hesab olunur və tələbələrimiz üçün könüllü əsaslarla tətbiq edilir. Belə ki, tələbələrimizin hər üç metoddan paralel olaraq faydalanması arzu olunur və tərəfimizdən təşviq edilir. Bununla belə, tələbələrimiz bu metodlardan birini və ya bir neçəsini seçməkdə tam sərbəstdirlər. Hər bir tələbə öz seçimini evdə olduğu dövrdə malik olduğu İT və internetə çıxış imkanları əsasında edir. Anoloji seçim imkanı akademik personal üçün də keçərlidir. Başqa sözlə, hər hansı bir müəllimimiz tədris etdiyi fənnin məzmununa və xüsusiyyətlərinə daha çox uyğun gələn metodu və ya metodları sərbəst olaraq özü seçir.

Bəhs etdiyimiz hər üç metod vasitəsilə keçirilən dərslərin təşkili və monitorinqi Tədris şöbəsi, dekanlıqlar və tyutorlar tərəfindən həyata keçirilir. İlkin təhlillərimiz göstərir ki, hazırda hər üç metod üzrə götürdükdə , MDU-da müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, 2019/2020-ci tədris ilinin yaz semestrində tədris olunan fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olunub. Yaxın günlərdə tədris prosesinin əhatəliliyinin bir qədər də artırılmasını və MDU tələbələrinin ən azı 90%-nin məsafədən təhsilə cəlb olunmasını gözləyirik.

Konkret rəqəmlərlə ifadə etsək, cari ilin 17 mart – 15 aprel tarixləri çərçivəsində cəmi 20 dərs günü ərzində MDU-da “ZOOM” platforması üzərindən , ümumilikdə 671 online dərs keçirilib. Bundan başqa, 6-15 aprel tarixləri çərçivəsində cəmi 8 dərs günü ərzində “Microsoft Teams” platforması üzərindən,  ümumilikdə 413 məsafədən dərs təşkil olunub. Başqa sözlə, sonuncu platforma üzrə gündəlik orta hesabla 50 dərs təqdim olunub. Beləliklə, hər iki platforma üzərindən birlikdə bu vaxta qədər 154 fənn üzrə 1084 virtual dərs keçirilib.

Əlavə olaraq, cari ilin 17 mart – 15 aprel tarixləri çərçivəsində cəmi 20 dərs günü ərzində MDU müəllimləri tərəfindən hazırlanan,  ümumilikdə 275 “videodərs” tələbələrin istifadəsinə təqdim edilib. Youtube kanalından əldə etdiyimiz 15 aprel tarixinə olan məlumata əsasən,  həmin “videodərslər” ümumilikdə 47 min dəfədən çox izlənilib. Bu isə hər bir “videodərs” üzrə orta hesabla 170-dən artıq baxış sayı deməkdir.

Məsafədən tədrisin ümumi durumunu xarakterizə edən yuxarıdakı statistik göstəriciləri müqayisə edərkən,  2019/2020-ci tədris ilində MDU-da 2400-dən artıq tələbənin təhsil almasını və cari semestrdə sonuncu kurs tələbələrimizin istehsalat təcrübəsi keçməsini nəzərə almaq lazımdır.

– MDU-nun tələbələri bu formatda təkcə dinləyicidir, yoxsa həm də dərslərə (imtahanlara) hazırlaşırlar?

– Qeyd etdiyimiz kimi, “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən təşkil olunan dərslərimiz interaktiv formatda keçirilir və dərsin məzmunu ənənəvi auditoriya dərslərindən çox az fərqlənir. Belə ki, tələbələrimiz bu dərslərdə yalnız müəllimi dinləyən passiv iştirakçı qismində iştirak etmirlər. Əksinə, dərsə qoşulan istənilən tələbə real rejimdə mövzu ilə bağlı fikir bildirmək və suallar vermək imkanına malik olur. Təbii ki, ayrı-ayrı fənlər üzrə dərslərin məzmunu və təşkili xüsusiyyətləri fərqli ola bilir. Yəni, bu göstəricilər baxımından universitetimizin “Mühəndislik” fakültəsində tədris olunan fənlər üzrə virtual dərslərin “Pedaqoji” fakultədə tədris olunan fənlər üzrə dərslərdən fərqlənməsi normaldır. Başqa sözlə, virtual dərs formatını “sevən” və “sevməyən” fənləri fərqləndirmək o qədər də çətin deyildir.

Qeyd olunanlara baxmayaraq, istənilən fənn üzrə mövzuları həm mühazirə mətnləri, həm də virtual dərslər vasitəsilə mənimsəyən, bununla da, nəzərdə tutulan bilik və bacarıqları qazanan tələbə həmin fənn üzrə aralıq və yekun qiymətləndirmədə iştirak etmək imkanına malik olur.

Hazırda universitetimizdə tədris olunan fənlər üzrə qiymətləndirmənin aparılması və imtahanların təşkili barədə konkret qərarımız yoxdur. Belə ki, mövcud qanunvericiliyə görə ölkəmizdə tədris prosesinin başlama və bitmə müddətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu səbəbdən də, postkoronavirus dövründə ali təhsil müəssisələrində tədris prosesinin hansı müddətlərdə və formatda keçirilməsinə dair müvafiq qərar verildikdən sonra fəaliyyətimizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunacaq müvafiq təlimatlar əsasında qurmağı nəzərdə tuturuq.

– Distant tədris MDU-nun tələbələri və akademik heyəti üçün nə kimi effekt  və töhfələr verib? Yəni, universitet həyatına nə kimi yeniliklər gətirdi?

– Hesab edirik ki, uzunmüddətli perspektiv üçün distant tədrisin MDU-nun tələbələri və akademik heyəti üçün hansı effektlər və töhfələr verməsi barədə danışmaq indiki mərhələdə tezdir. Bunun üçün tərəfimizdən hərtərəfli təhlillərin aparılması və çoxamilli qiymətləndirmələrin yerinə yetirilməsi lazım gələcəkdir. Amma, qısamüddətli dövr üçün bu mövzuda ilkin müşahidələrimizə əsaslanan ümumi düşüncələrimizi səsləndirə bilərik.

Şübhəsiz ki, mövcud şəraitdə məsafədən təşkil olunan tədris universitetimizin həyatına əhəmiyyətli yeniliklər gətirib. Ən mühüm yenilik qismində tədris prosesinin əsas iştirakçıları olan müəllim və tələbələrimiz arasında müasir kommunikasiya alətlərinin tətbiqini qeyd etmək istərdim. Məhz həmin kommunikasiya alətləri tələbə-müəllim münasibətlərinə, bununla da bütövlükdə universitet üzrə tədris prosesinə fərqli məzmun, müasir forma və yeni xarakter gətirmiş oldu.

Distant təhsil metodlarının tətbiqi MDU-nun elektron tədris resurslarının (mühazirə mətnləri, təqdimatlar, “videodərslər”, dərsliklər, əlavə materiallar və s.) kəmiyyət və keyfiyyət baxımından artırılması  istiqamətində apardığımız işləri ciddi şəkildə sürətləndirmiş oldu. Eyni zamanda, akademik heyət üzvləri ən son tədris texnologiyaları və müasir təlim metodları ilə daha yaxından tanış olmaq üçün əlavə imkanlar qazanmış oldular.

Paralel olaraq, həm professor-müəlliim və inzibati-texniki heyət üzvlərimizin, həm də tələbələrimizin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də həmin bilik və bacarıqların artırılması üçün zəmin yaranmış oldu. İlkin müşahidələrimiz bu dövrdə MDU ailəsi üzvlərinin rəqəmsal alətlərdən istifadə, internet resurslarından faydalanma və sosial şəbəkələrdə iştirak aktivliyinin artması fikrini də irəli sürməyə imkan verir.

Strateji kontekstdə, qısa müddət ərzində məsafədən tədrisin tətbiqinə başlanılması regionda yerləşən ali təhsil müəssisəsi olaraq MDU-nun malik olduğu müqayisəli üstünlükləri, universitetimizin distant təhsil sahəsindəki potensialını, eləcə də MDU-da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac olan bir sıra komponentləri nümayiş etdirmiş oldu.

– Müşahidələriniz necədir – distant tədrisdə nə dəyişdi və onun gələcəyi necə olacaq? Sizin fikirlərinizi eşitmək maraqlı olardı.

-Hər kəs tərəfindən qəbul edilən həqiqətdir ki, qlobal pandemiya distant təhsilin əhəmiyyətini ciddi şəkildə artırmaqla dünya ali təhsili qarşısında yeni çağırışlar yaratmış oldu. Hazırda ali təhsil ekspertləri və bu sahədə çalışan praktiki mütəxəssislər postpandemiya dövründə beynəlxalq ali təhsil məkanında müşahidə olunacaq trendlər barədə müəyyən mülahizələr və proqnozlar irəli sürürlər.

Təbii ki, bu vaxta qədər də dünyanın bir sıra ölkələrinin qabaqcıl universitetlərində distant təhsil sahəsində bəlli bir təcrübə formalaşmışdır. Lakin ilkin müşahidələr göstərir ki, bütün dünyanı əhatə edən pandemiya distant təhsilin məzmununa və missiyasına əhəmiyyətli dəyişikliklər gətirmiş oldu.

Nəzərə almaq lazımdır ki, sadə desək, bu vaxta qədər olan mövcud beynəlxalq təcrübə distant təhsilin , əsasən “universitet – evlər” formulu çərçivəsində həyata keçirilməsinə əsaslanırdı. Başqa sözlə, distant tədrisin təşkili və idarəedilməsi universitetin inzibati binasında yerləşən və müvafiq avadanlıqlarla təchiz edilmiş xüsusi ofislərdən və mərkəzlərdən həyata keçirilirdi. Daha konkret desək, professor özünün “virtual tələbələri” ilə əsasən universitetdən əlaqə saxlayırdı. Karantin müddətində tətbiq edilən distant təhsil texnologiyaları isə obrazlı desək,  bütünlükdə “evlər – evlər” konseptini aktuallaşdırmış oldu. Başqa sözlə, distant tədris prosesinin bütün iştirakçıları “virtuallaşmış” oldular.

Digər mühüm məqam isə sözügedən prosesin miqyası və əhatəlilik dərəcəsi ilə bağlıdır. Bu vaxta qədər, bir tərəfdən hər hansı milli ali təhsil sisteminin subyekti olan universitetlərin yalnız bir neçəsi ənənəvi təhsillə yanaşı, distant təhsil xidmətləri də təklif edirdi. Digər tərəfdən isə, konkret universitet üzrə distant təhsilə cəlb olunan müəllimlərin və tələbələrin sayı universitet üzrə müəllimlərin və tələbələrin ümumi sayında,  əsasən çox az xüsusi çəkiyə malik olurdu. Karantin dövründə isə bu kontekstdə tamamilə başqa mənzərəni müşahidə edirik. Belə ki, hazırda əksər milli ali təhsil sistemlərində əsasən, bütün universitetlər distant təhsil xidmətləri (müvəqqəti olsa belə) göstərməyə başlayıblar. Beləliklə, konkret universitet üzrə əsasən, bütün müəllimlər və bütün tələbələr distant təhsilin iştirakçısına çevriliblər.

Ümumiləşdirərək desək, ali təhsilin ümumi xəritəsində birbaşa və dolayısı ilə yer alan bütün subyektlər (universitetlər, müəllimlər, tələbələr, inzibati-texniki heyət üzvləri, tərəfdaşlar və s.) karantin dövründə distant tədrisi “dadmış” oldular.

Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq ali təhsil məkanında və əksər milli ali təhsil sistemlərində ortamüddətli və uzunmüddətli perspektivdə distant təhsilin məzmunu, strukturu və statusu əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Paralel olaraq, müvafiq xidmətlər üzrə tələb və təklifin dəyişməsi fonunda qlobal ali təhsil bazarında distant təhsilin xüsusi çəkisinin artmaqda davam edəcəyini proqnozlaşdırmaq olar.

Bir daha vurğulamaq lazımdır ki, qeyd olunanlar ilkin təəssüratlardır və gələcəkdə aparılacaq daha detallı və sistemli təhlillər distant təhsilin potensial inkişaf trayektoriyaları üzrə əsaslandırılmış və daha konkret fikirlərin irəli sürülməsinə imkan verəcəkdir.

Yekun olaraq, hesab edirik ki, qlobal arenada və iştirakçısı olduğumuz Avropa Ali Təhsil Məkanında (EHEA) baş verəcək dəyişikliklərə həm Azərbaycan Respublikasının Təhsili Nazirliyi, həm də universitetlərimiz tərəfindən veriləcək adekvat reaksiya sayəsində milli ali təhsilimizin növbəti mərhələdə davamlı inkişafını təmin etmək mümkün olacaqdır.

– Sonda  əlavə etmək istədiyiniz fikirlər varsa buyurun.

– Əlavə olaraq bildirmək istərdik ki,  Prezident  İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli qabaqlayıcı və preventiv tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qürurverici haldır ki, ölkəmizin bu sahədə tətbiq etdiyi model beynəlxalq miqyasda nümunə kimi göstərilməyə başlayıb. Bütün bunlar hər birimizdə əminlik yaradır ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

Yaratdığınız fürsətdən istifadə edərək, bir daha karantin dövründə MDU-da idarəetmənin və tədris prosesinin təşkilində davamlı dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, eləcə də ümumi fəaliyyətimizə göstərilən köməyə görə Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlığımızı bildiririk. Eyni zamanda, mövcud şərtlər daxilində tədris prosesinin təşkilində fəal iştiraka görə MDU kollektivinə və tələbələrinə təşəkkür edirik.

   Müsahibə: Azərbaycan müəllimi