2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və gələcəyin peşələri” mövzusunda tədbir keçirilib.
Tədbirin açılış nitqini universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova edib. O, çıxışında rəqəmsal transformasiyanın ali təhsil müəssisələri üçün yaratdığı yeni imkanlardan bəhs edib, tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılmasının və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, universitetdə elm və innovasiya sahəsində həyata keçirilən layihələr, startap təşəbbüsləri və tədqiqat mühitinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək gəncləri davamlı öyrənməyə və yeniliklərə açıq olmağa çağırıb.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək regionda gənclərin inkişafı, onların rəqəmsal bacarıqlarının artırılması və müasir çağırışlara uyğun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Ardınca Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağdaş bölməsinin rəhbəri Səidə Əsədli çıxış edərək gənclərin karyera inkişafı istiqamətində təqdim olunan imkanlar və həyata keçirilən layihələr barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Panelin moderatoru Mingəçevir Dövlət Universitetinin müəllimi Elza İskəndərli olub. Paneldə Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva və Mingəçevir STEAM mərkəzinin koordinatoru Müşviq Tarıverdiyev çıxış edərək rəqəmsal transformasiya, süni intellekt və gələcəyin peşələri ilə bağlı aktual məsələlərə toxunublar.
Tədbir iştirakçıları rəqəmsal dövrün tələbləri, əmək bazarında formalaşan yeni trendlər və perspektiv peşə istiqamətləri barədə ətraflı məlumat əldə edib, interaktiv müzakirələr vasitəsilə bilik və dünyagörüşlərini genişləndiriblər.