Şəhid məzun Qorxmaz İsgəndərovun məzarı ziyarət edilib

2022-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində əslən Laçından olan şəhid məzun Qorxmaz İsgəndərovun məzarını ziyarət edib. Universitet kollektivini Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli müşayiət edib. MDU əməkdaşları qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Sonra MDU kollektivi şəhid məzunun ailəsinə baş çəkiblər. Ailə üzvləri ilə görüşdə universitetin qəhrəman məzunu ilə qürur duyduğunu bildirən rektor Ş.Bayramov layiqli və vətənpərvər övlad yetişdirən şəhid valideynlərinə dərin ehtiramını ifadə edib, Vətən uğrunda canından və qanından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Qeyd edək ki, Q.İsgəndərov 2017-2021-ci illərdə MDU-da “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. Ali təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Sonradan leytenant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq xidmətini davam etdirib. O, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb.