Mingəçevir Dövlət Universitetində “Sənaye tullantılarının su hövzələrinə təsirinin azaldılması yolları” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarın moderatoru “Təbiət elmləri” kafedrasının baş müəllimi R.Ş. Ağayeva çıxış edərək mövzunun aktuallığını vurğulayıb, suyun həm insan həyatı, həm də qlobal miqyasda əvəzsiz resurs olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, su ehtiyatlarının çirklənmədən qorunması hər bir vətəndaşın mühüm borcudur.

Seminar çərçivəsində bir sıra məruzələr dinlənilib. İlk olaraq R.Ş. Ağayevanın “Sənaye tullantılarının idarə edilməsində innovativ texnologiyalar və dayanıqlı su resurslarının qorunması” mövzusunda çıxışı təqdim olunub. Məruzədə sənaye tullantılarının növləri və xüsusiyyətləri, tullantı sularının təmizlənmə üsulları, eləcə də müasir elmi-texnoloji yanaşmalar geniş şəkildə izah edilib.

Daha sonra “Təbiət elmləri” kafedrasının baş müəllimi Vüqar Sarıyev “Ekoloji hüquq və yanaşma” mövzusunda çıxış edib. O, Azərbaycan Respublikasında mövcud ekoloji qanunvericilik sistemi barədə məlumat verərək “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su Məcəlləsi”, “Torpaq Məcəlləsi” və digər normativ-hüquqi aktlar barədə seminar iştirakçılarını məlumatlandırıb.

Seminarın sonunda “Təbiət elmləri” kafedrasının müəllimi Gülər İsmayılbəyli “Sənayedə tullantıların azaldılması və preventiv ekoloji strategiyalar” mövzusunda məruzə ilə çıxış edib. O, qabaqlayıcı tədbirlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, ekoloji idarəetmə sistemlərinin effektiv tətbiqi üçün yalnız texnologiya kifayət etmir, eyni zamanda insan faktorunun rolu da mühüm əhəmiyyət daşıyır.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, müzakirələr aparılıb və iştirakçılar mövzu ilə bağlı yeni biliklər əldə ediblər.