Mingəçevir Dövlət Universitetində “Sənayedə karbon və resurs idarəetməsi üzrə qlobal yanaşmalar” mövzusunda təlim keçirilib

Bu gün Mingəçevir Dövlət Universitetində Təbiət elmləri kafedrasının müəllimi Məmmədova Fatimə Vüqar qızı tərəfindən “Sənayedə karbon və resurs idarəetməsi üzrə qlobal yanaşmalar” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı sənaye sektorunda iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və resurslardan səmərəli istifadə istiqamətində tətbiq olunan müasir yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb. Mövzu çərçivəsində nəzəri biliklərlə yanaşı, real praktik nümunələr əsasında geniş izahlar verilib və iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

İnteraktiv formada keçirilən təlimdə aşağıdakı əsas məsələlər müzakirə olunub:

  • Enerjiyə qənaətin karbon emissiyalarının azaldılmasında ən effektiv və iqtisadi baxımdan əlverişli vasitə kimi rolu
  • Elektrik stansiyalarında istifadə olunan müxtəlif enerji mənbələrinin karbon emissiyalarına təsiri
  • “Smart factory”, IoT, süni intellekt və Digital Twin texnologiyalarının sənayedə enerji səmərəliliyinin artırılmasındakı əhəmiyyəti
  • Karbon tutma texnologiyaları (CCS və DAC) və birbaşa atmosferdən karbonun tutulması imkanları
  • Karbon bazarı, karbon kreditləri və emissiya kvotaları arasındakı fərqlər
  • Karbon vergisi və emissiya ticarəti sistemi (ETS) mexanizmlərinin mahiyyəti
  • Yaşıl hidrogenin istehsalı və sənayedə tətbiq perspektivləri
  • 4R modeli və dövri iqtisadiyyat prinsiplərinin praktik tətbiqi nümunələri

Təlim çərçivəsində qlobal trendlər və innovativ yanaşmalar geniş şəkildə təhlil olunub, iştirakçılar arasında fəal müzakirələr aparılıb.

Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi tələbələrin və gənc mütəxəssislərin davamlı inkişaf, yaşıl iqtisadiyyat və müasir sənaye yanaşmaları üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Sonda iştirakçılar təlimin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, bu istiqamətdə tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.