Mingəçevir Dövlət Universitetində dayanıqlı sahibkarlıq ekosisteminin qurulmasına həsr olunmuş təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin Menecment kafedrasında “Dayanıqlı sahibkarlıq ekosisteminin qurulması” mövzusunda təlim keçirilib. Təlim kafedranın əməkdaşları Zamin Cəfərov, Müşfiq Hüseynov və Saqib Məmmədov tərəfindən təqdim olunub.

Təlim zamanı iştirakçılara dayanıqlı inkişaf yanaşmaları və bu kontekstdə sahibkarlığın rolu, həmçinin dayanıqlı sahibkarlığın əsas prinsipləri və formalaşmaqda olan ekosistemin mahiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrdə iqtisadi inkişafın uzunmüddətli və dayanıqlı təmin olunması üçün sahibkarlıq fəaliyyətində ekoloji məsuliyyət, sosial dəyərlər və effektiv idarəetmə prinsiplərinin inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Çıxış edənlər dayanıqlı sahibkarlıq ekosisteminin əsas komponentləri, bu sahədə beynəlxalq və yerli təcrübələr, eləcə də uğurlu tətbiq nümunələri barədə məlumat veriblər. Eyni zamanda Azərbaycanda bu istiqamətdə mövcud imkanlar, inkişaf perspektivləri və qarşıda duran çağırışlar diqqətə çatdırılıb.

Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və dayanıqlı sahibkarlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrdə innovativ düşüncə, məsuliyyətli yanaşma və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması məqsədilə mütəmadi olaraq bu kimi maarifləndirici tədbirlər təşkil olunur.