Вы сейчас просматриваете Şahin Bayramov: Mingəçevir iqtisadi, mədəni, təhsil, səhiyyə və turizm potensialı dinamik artan regional mərkəzə çevrilir (AZƏRTAC, 11.11.2022)

Şahin Bayramov: Mingəçevir iqtisadi, mədəni, təhsil, səhiyyə və turizm potensialı dinamik artan regional mərkəzə çevrilir (AZƏRTAC, 11.11.2022)

  • Рубрика записиMDU xəbərləri

Bakı, 11 noyabr, AZƏRTAC

Mingəçevir şəhərinin yaradılmasından 74 il ötür. Danılmaz həqiqətdir ki, doğma şəhərimizin hərtərəfli inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hazırda Prezident İlham Əliyev tərəfindən Mingəçevirin davamlı inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Dövlət başçısımızın Mingəçevirə səfərlərinin birində qeyd etdiyi aşağıdakı fikirlər bunun bariz nümunəsidir: “Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük – güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir şəhərinin yaradılmasının 74 illiyi ilə əlaqədar açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Onun sözlərinə görə, məhz dövlətin göstərdiyi yüksək diqqət və qayğının, həyata keçirilən geniş abadlıq və sistemli quruculuq işlərinin nəticəsidir ki, hazırda Mingəçevir sürətlə modernləşir və gözəlləşir: “Fərəhləndirici haldır ki, hazırda davamlı güclənən və qüdrətlənən doğma Azərbaycanımızın hərtərəfli inkişafında Mingəçevir şəhəri özünəməxsus paya sahibdir. Uğurlu dövlət siyasəti və tətbiq edilən effektiv yerli idarəetmə mexanizmi sayəsində energetiklər və gənclər şəhəri olan Mingəçevir iqtisadi, mədəni, təhsil, səhiyyə və turizm potensialı dinamik artan regional mərkəzə çevrilir.

Eyni zamanda, Mingəçevirin təbii və coğrafi üstünlüyü də şəhərin inkişafına və böyüməsinə geniş imkanlar yaradır. Yenə də bu məqam Prezidentimizin fikirlərində öz əksini tapmışdır: “Mingəçevirin çox gözəl iqlimi, çox gözəl təbiəti vardır. Kür çayı boyu yerləşən ən gözəl şəhərdir. Kür çayının rəngi də burada çox gözəldir, çox şəffafdır. Belə bir rəng heç bir başqa yerdə yoxdur”.

“Bu gün regionun yeganə ali təhsil müəssisəsi olan Mingəçevir Dövlət Universitetinin simasında doğma şəhərimizi təmsil etməkdən fəxarət hissi duyuruq. Universitetimiz doğma Mingəçevirin rəmzlərini, o cümlədən Kürün rəngini öz loqosunda əks etdirdiyi kimi, fəaliyyətinin məzmununda da doğma şəhərin hərtərəfli inkişafına xidmət prioritet təşkil edir. Əsas missiyası yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olan universitetimiz şəhərin ekosisteminin inkişafında və ictimai həyatının canlanmasında fəal iştirak edir. 11 noyabr – Mingəçevir şəhərinin yaradılması günü münasibətilə bütün mingəçevirliləri ürəkdən təbrik edir və ən xoş arzularımızı bildiririk”, – deyə o əlavə edib