Mingəçevir Dövlət Universitetində “Sənayedə suya qənaət texnologiyaları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin Biznes və menecment, eləcə də Fizika və ekologiya kafedralarının birgə təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də “Sənayedə suya qənaət texnologiyaları” mövzusunda təlim təşkil olunub.

Təlimdə hər iki kafedranın müəllim və tələbələri, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə sektorunun məsləhətçisi Ülkər Paşayeva, Mingəçevir Su-Kanal İdarəsinin baş mühəndisi Mustafa Kərimov, “Azərbaycan İES” MMC-nin Kimya sexinin rəisi Azad Musayev və rəis müavini Larisa Heydərova, Texniki istehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Təhlükəsizlik texnikası üzrə aparıcı mühəndis Aqil Mahmudov, Kimya laboratoriyasının rəisi Cavid Abbasov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Biznes və menecment kafedrasının müdiri, dosent Emiliya Hüseynova açıb. Təlim çərçivəsində mövzu ilə bağlı Biznes və menecment kafedrasının baş müəllimləri Təranə Səfərova, Ülviyyə Aşurova və Fizika və ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova təqdimatla çıxış ediblər.

Müzakirələr zamanı Mingəçevir Su-Kanal İdarəsinin baş mühəndisi Mustafa Kərimov, “Azərbaycan İES” MMC-nin Texniki istehsalat şöbəsinin rəisi Ramiz Qasımov və Ülkər Paşayeva çıxış edərək mövzu ilə bağlı öz təklif və tövsiyələrini səsləndiriblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Təlim çərçivəsində sənayedə su resurslarından səmərəli istifadə, suya qənaət texnologiyalarının tətbiqi və bu istiqamətdə dayanıqlı inkişaf məqsədlərinə uyğun yanaşmaların əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də dayanıqlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mütəmadi olaraq bu kimi praktiki yönümlü təlim və görüşlər təşkil edilir.