Rektor Anar Eminov şəhid Təbriz Cüməzadənin ildönümü tədbirində iştirak edib

2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Təbriz Cüməzadənin ildönümü münasibətilə Mingəçevir Şəhidlər Xiyabanında tədbir keçirilib. Anım tədbirində şəhid ailələrinin üzvləri, müharibə veteranları və qazilər, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ümumtəhsil məktəblərinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov, bir qrup müəllim, həmçinin tələbələr iştirak ediblər.

Tədbir qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqini şəhidin valideynləri İldırım Əbdürrəhimov və Ülviyyə Əbdürrəhimova ediblər. Onlar oğulları Təbrizin vətənpərvərliyindən, ömür yolundan və göstərdiyi şücaətdən danışaraq şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Şəhid valideynləri gənclərin Vətənə sədaqət ruhunda yetişdirilməsinin vacibliyini vurğulayaraq Təbriz Cüməzadənin xatirəsinin daim uca tutulduğunu bildiriblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev çıxışında Vətən uğrunda canından keçən hər bir şəhidin xalqımızın yaddaşında əbədi olaraq yaşadığını bildirib, şəhid ailələrinə göstərilən dövlət qayğısının ardıcıl və sistemli şəkildə davam etdiyini vurğulayıb. O, Təbriz Cüməzadənin qəhrəmanlığının gənclər üçün örnək olduğunu qeyd edərək, şəhərdə şəhidlərin xatirəsinə həsr olunan tədbirlərin mütəmadi olaraq təşkil edildiyini diqqətə çatdırıb.

MDU-nun rektoru Anar Eminov çıxışında şəhidlərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu qeyd edib. O, Təbriz Cüməzadə kimi qəhrəmanların göstərdiyi fədakarlıq sayəsində Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edildiyini bildirib. Rektor universitetdə gənclərin milli-mənəvi dəyərlər, dövlətçilik ideyaları və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini vurğulayıb, şəhid ailələrinin hər zaman diqqət mərkəzində saxlandığını diqqətə çatdırıb.

Tədbirdə digər rəhbər şəxslər, şəhid ailələrinin üzvləri və digər qonaqlar da çıxışlar edərək şəhidlərin xatirəsinin xalqımız üçün müqəddəs olduğunu, onların qəhrəmanlıq nümunəsinin gələcək nəsillər üçün əsl məktəb və böyük ideya qaynağı olduğunu bildiriblər.

Anım mərasimi şəhidin məzarı önünə gül dəstələrinin qoyulması ilə başa çatıb.