MDU-da “Enerji və mədəniyyət” mövzusunda seminar keçirilib

2023-cü ilin 15 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Enerji və mədəniyyət” mövzusunda seminar keçirilib.

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, magistrantlar və doktorantlar iştirak ediblər.

Seminarda professor C.Yılmaz enerji istehsalı və istehlakının, enerji tutumlu sahələrin iqtisadi artımı və məşğulluğu təmin etmək potensialından, enerjinin insanın həyat və fəaliyyətinə təsirlərindən bəhs edib. Bununla yanaşı, C.Yılmaz qədim dövrdən bu günə qədər bərpa olunan enerji mənbələrindən istifadə imkanları barədə məlumat verib, enerjini sivilizasiyanı dəyişdirən amillərdən biri olaraq diqqətə çatdırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, professor C.Yılmaz Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində 2023/2024-cü tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Bundan əvvəl, 2021/2022-ci tədris ilində də C.Yılmaz qonaq professor olaraq MDU-da bir il fəaliyyət göstərib.