Mingəçevir Dövlət Universitetinin nümayəndələri regional su ehtiyatlarının bərpasına həsr olunmuş potensialın gücləndirilməsi sessiyasında iştirak ediblər

27 fevral 2026-cı il tarixində Gəncə şəhərində regional su ehtiyatlarının bərpasına həsr olunmuş “Kəhrizlərin bərpasının Azərbaycanda su ilə əlaqəli iqlim dəyişmələrinə gücləndirilmiş adaptasiya vasitəsi kimi təşviqi” adlı Konsept Sənədi çərçivəsində Kəhrizlər üzrə Potensialın Gücləndirilməsi Sessiyası keçirilib.

Tədbir Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində və Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə təşkil olunub. Master-klass formatında baş tutan sessiyada müxtəlif ali təhsil müəssisələrinin tələbələri və gənc mütəxəssislər iştirak ediblər.

Mingəçevir Dövlət Universitetini Mühəndislik fakültəsinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və  “Ekologiya mühəndisliyi” ixtisasının tələbələrindən Valeh Cəlalov, Kamil İsmayılzadə, Emin Niftalıyev, Ləman Verdiyeva və Ülviyyə Məmmədova təmsil ediblər. Universitet nümayəndələri sessiyada fəal iştirak edərək sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.

Sessiyanın əsas məqsədi kəhrizlərin bərpası və idarə olunması sahəsində gələcək mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunmasına dair praktiki yanaşmaları təşviq etmək olub. Qeyd olunub ki, kəhrizlər yeraltı suların əlavə enerji sərfiyyatı olmadan istifadəsini təmin edən ənənəvi su sistemi kimi, xüsusilə iqlim dəyişmələrinin təsirlərinin artdığı dövrdə mühüm adaptasiya vasitəsi hesab olunur.

Mingəçevir Dövlət Universitetinin bu istiqamətdə fəal iştirakı su resurslarının qorunması, iqlim dəyişmələrinə uyğunlaşma, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından universitetin strateji prioritetlərinə uyğun olaraq həyata keçirilir

.