Mingəçevir Dövlət Universitetinin tələbələri üçün su təsərrüfatı sahəsində praktiki təlim yönümlü maarifləndirici tədbir keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universiteti ilə şəhərin su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurum arasında əməkdaşlıq çərçivəsində maarifləndirici və praktik yönümlü tədbir təşkil olunub. Tədbirdə universitetin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar iştirak ediblər.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq su resurslarının səmərəli idarə olunması, ekoloji tarazlığın qorunması və tələbələrin istehsalat prosesləri ilə yaxından tanışlığının təmin edilməsi olub. Bu çərçivədə iştirakçılar su təsərrüfatı müəssisəsinin fəaliyyəti, suyun təmizlənməsi və paylanması prosesləri, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər.

Maarifləndirici tədbir çərçivəsində təşkil olunan elmi-praktiki seminar zamanı MDU-nun Fizika və ekologiya kafedrasının dosenti Pərvanə Səfərova “Su hövzələrinin çirklənməsi və onların təmizlənməsi”, magistrant Cavid Abbasov isə “Çirkab sularının ozon ilə təmizlənməsi” mövzularında çıxış edərək iştirakçılarla fikir mübadiləsi aparıblar.

Daha sonra tələbələr istehsalat sahələrinə və laboratoriyalara baxış keçirərək suyun emalı mərhələlərini yerində müşahidə edib, nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmək imkanı qazanıblar. Bu cür praktiki yanaşma tələbələrin peşəkar bacarıqlarının inkişafına və əmək bazarına daha hazırlıqlı inteqrasiyasına xidmət edir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində təhsilalanların praktiki bilik və bacarıqlarının artırılması, onların real istehsalat mühiti ilə inteqrasiyasının təmin olunması və dayanıqlı inkişaf prinsiplərinə uyğun mütəxəssis hazırlığı istiqamətində bu kimi birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi önəm verilir.