Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir STEAM Mərkəzində “Texnologiya və innovasiya” mövzusunda təlimlər keçirilib. Təlimlərin əsas məqsədi iştirakçıların texnologiya və innovasiya sahəsində biliklərini artırmaq, rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onların sosial-iqtisadi inkişaf prosesində fəal iştirakına töhfə vermək olub.
Təlim proqramı çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar dinlənilib. MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi Fatimə Əliyeva “Rəqəmsal transformasiya və yoxsulluğun azaldılmasında texnologiyanın rolu” mövzusunda çıxış edərək müasir texnologiyaların sosial rifahın yaxşılaşdırılmasında əhəmiyyətini vurğulayıb.
Kafedranın digər müəllimi Məhsəti Əliyeva “Gələcəyin bacarıqları və sosial rifahın formalaşmasında rəqəmsal təlimlərin rolu” mövzusunda təqdimatla çıxış edərək rəqəmsal bacarıqların inkişafının əmək bazarına uyğunlaşma və innovativ düşüncənin formalaşması baxımından mühüm rol oynadığını qeyd edib.
MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi Səadət Aslanova “Liderlik bacarıqları” mövzusunda çıxış edərək müasir dövrdə liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinin komanda işi və innovativ təşəbbüslərin həyata keçirilməsində əhəmiyyətindən bəhs edib.
STEAM Mərkəzinin təlimçisi Rəşad Quliyev “STEAM yanaşması və innovativ sahibkarlıq modeli” mövzusunda təqdimatla çıxış edərək STEAM təhsil modelinin yaradıcı düşüncə, texnoloji bilik və sahibkarlıq bacarıqlarının inkişafına verdiyi töhfələr barədə məlumat verib.
MDU-nun KM22 qrup tələbəsi Məleykə Mahmudlu isə elmi rəhbəri Dinarə İslamovanın rəhbərliyi ilə hazırladığı “Proqramlaşdırma və startap ekosistemi: İT və proqramlaşdırmanın startap ekosistemində rolu” mövzusunda təqdimatla çıxış edərək informasiya texnologiyalarının innovativ biznes təşəbbüslərinin formalaşmasında və startap mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Çıxışlarda rəqəmsal transformasiya, innovativ texnologiyalar, liderlik bacarıqları, STEAM yanaşması və startap ekosisteminin inkişafında informasiya texnologiyalarının rolu kimi mövzular geniş müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin rəqəmsal bacarıqlarının artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və texnologiya yönümlü təşəbbüslərin təşviqi istiqamətində mütəmadi olaraq müxtəlif təlimlər və maarifləndirici tədbirlər təşkil olunur.