Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin təcrübəyə gedəcək sonuncu kurs tələbələri ilə görüş keçirib

2025-ci ilin 27 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitetin sonuncu kurs tələbələri ilə görüş keçirib.

Görüşdə rektor tələbələrin növbəti semestrdə istehsalat təcrübəsinə göndərilməsi, təcrübənin təşkili mexanizmləri və müəssisələrlə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib, istehsalat təcrübəsinin təşkilinin, tələbələrin nəzəri biliklərlə yanaşı real iş mühitində praktiki biliklər, peşə bacarıqları qazanmasının və gələcək karyera planlarının formalaşdırılmasının universitetin daim diqqət mərkəzində duran məsələlərdən olduğunu bildirib. Bu baxımdan MDU ilə idarə və müəssisələr arasında əməkdaşlıq imkanları genişləndirilib, təhsilalanların ixtisaslarına uyğun praktiki təcrübə imkanlarının yaradılması istiqamətində yeni addımların atıldığı diqqətə çatdırılıb.

Tədbirdə tələbələr öz fikir və təkliflərini səsləndirib, təcrübə prosesi ilə bağlı suallarını ünvanlayıblar. Onları maraqlandıran məsələlərə universitet rəhbərliyi tərəfindən aydınlıq gətirilib, bir sıra müraciətlərin operativ həlli istiqamətində tapşırıqlar verilib.

Sonda tələbələrə uğurlar arzulanıb və qarşıdakı təcrübə mərhələsinin onların karyera inkişafına mühüm töhfə verəcəyinə inam ifadə olunub.