Mingəçevir Dövlət Universitetinin müəllimi özbəkistanlı tələbələrə dərs deyib

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Fəxriyyə Məbudova mübadilə proqramı çərçivəsində Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətə başlayıb.

24 noyabr 2025-ci il tarixində Filologiya fakültəsinin İngilis dilinin metodologiyası və nəzəriyyəsi kafedrasında fəaliyyətə başlayan müəllim ilk gündən kafedranın müdiri Durdona Saydazimova və kollektivlə görüşüb. Görüş zamanı dərs cədvəli, tədris planı, sillabuslar və fakültədə tətbiq edilən metodoloji yanaşmalarla bağlı geniş müzakirələr aparılıb.

Mübadilə proqramının ilk günlərindən etibarən Fəxriyyə Məbudova həm elmi, həm də pedaqoji istiqamətdə aktiv fəaliyyət göstərib. O, 25 noyabr tarixində universitetdə keçirilən “Dil təhsili nəzəriyyəsi və praktikasında problemlər və yeniliklər” adlı respublika elmi-praktik konfransında iştirak edərək təqdim olunan müasir metodik yeniliklərlə bağlı sertifikat əldə edib. Konfransdan sonra MDU-nun müəllimi Beynəlxalq əlaqələr üzrə prorektor Dilnoza Xolmurodova, Filologiya fakültəsinin dekanı və ABŞ-ın Özbəkistandakı səfirliyinin nümayəndələri ilə görüşərək əməkdaşlıq imkanları, akademik mobillik və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb.

Müəllimin Özbəkistandakı pedaqoji fəaliyyəti 25–27 noyabr tarixlərində intensiv davam edib. Bu müddətdə o, “Dil aspektləri”, “İnteqrasiya olunmuş bacarıqlar – Oxu və yazı”, “İnteqrasiya olunmuş bacarıqlar – Dinləmə və danışıq”, həmçinin “Xarici dillərin tədrisi üzrə inteqrasiya olunmuş kurs” fənləri üzrə müxtəlif mövzularda bir neçə dərs keçib. Dərslər zamanı Azərbaycan təhsil sistemində tətbiq edilən yanaşmalar və metodikalar barədə tələbələrə praktiki nümunələr təqdim olunub.

27 noyabr 2025-ci ildə müəllim Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əsas binası və universitet kitabxanası ilə də tanış olub. Kitabxanada müasir tədris resursları, rəqəmsal platformalar və dil tədrisinə aid beynəlxalq elmi bazalarla tanışlıq baş tutub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir və bu kimi əməkdaşlıqlar vasitəsilə müəllimlərin peşəkar inkişafına, yeni akademik təcrübələrin qazanılmasına və universitetin tədris mühitinin müasirləşdirilməsinə töhfə verməkdə davam edir.