“TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya keçirilib

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat tərəfindən “TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya keçirilib. İnfosessiyada MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış edərək universitetdə “TEKNOFEST”ə diqqət və marağın yüksək olduğunu bildirib. Qeyd edilib ki, cari ildə Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan 3 komanda iştirak edib. İnnovativ bacarıqların inkişafında texnologiya yarışlarının önəmindən bəhs edən V.Əyyubov tələbələri “TEKNOFEST 2023”də fəal iştiraka və yaradılan imkanlardan maksimum faydalanmağa çağırıb.

Sonra, Yusuf Polat “TEKNOFEST” barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, növbəti festival 2023-cü ildə 30 aprel – 6 may tarixləri arasında İstanbulda keçiriləcək. Bildirilib ki, festivala müraciətlər artıq başlayıb və qeydiyyat noyabrın 20-də bitəcək. “TEKNOFEST 2023”də rəqiblər raket, model peyk, nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, sənayedə rəqəmsal texnologiyalar, uçan avtomobil dizaynı, təhsil texnologiyaları, avtonom sərnişin robotu, kənd təsərrüfatı texnologiyaları və robototexnika kimi 41 fərqli kateqoriyada yarışacaq.

Maraqla qarşılanan infosessiyada iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

İnfosessiyadan sonra MDU-nun rektoru Şahin Bayramov “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat və ASAN İnnovativ İnkişaf Mərkəzinin müdiri Hasil Abbasovla görüşüb. Görüşdə “TEKNOFEST 2023” yarışmasında MDU-nun təmsil olunması imkanları barədə müzakirələr aparılıb. Tələbələrlə görüşdən məmnun qaldıqlarını bildirən qonaqlar MDU ilə potensial əməkdaşlığın inkişafına müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıblar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də iştiraka xüsusi önəm verilir.