Mingəçevir Dövlət Universitetində tullantıların çeşidlənməsi və təkrar emal təşəbbüsü həyata keçirilir

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində ekoloji məsuliyyətin gücləndirilməsi və dayanıqlı kampus mühitinin formalaşdırılması istiqamətində növbəti təşəbbüs həyata keçirilib. Universitet ərazisində tullantıların çeşidlənməsi və təkrar emal prosesinin təşkili məqsədilə müxtəlif növ tullantılar üçün xüsusi konteynerlər yerləşdirilib.

Yeni təşəbbüs çərçivəsində universitetin tədris binalarında və ümumi istifadə məkanlarında metal, plastik və şüşə tullantılar üçün növlərinə uyğun xüsusi qutular quraşdırılıb. Bununla yanaşı, ətraf mühitə zərərli təsirlərin qarşısının alınması məqsədilə ömrü bitmiş batareyaların toplanması üçün xüsusi qablar da yerləşdirilib.

Bu təşəbbüs tullantıların düzgün idarə olunması, resurslardan daha səmərəli istifadə və ətraf mühitin qorunmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda universitet icmasının ekoloji məsuliyyətinin artırılması, tələbələr arasında tullantıların çeşidlənməsi və təkrar emal mədəniyyətinin formalaşdırılması istiqamətində vacib addım kimi qiymətləndirilir.

Universitetdə həyata keçirilən bu kimi tədbirlər kampus mühitində ekoloji düşüncənin gücləndirilməsinə, təbiətin qorunmasına yönəlmiş təşəbbüslərin genişlənməsinə və gələcək nəsillər üçün daha sağlam və davamlı mühitin formalaşdırılmasına xidmət edir.