Вы сейчас просматриваете Mingəçevir Dövlət Universiteti ilə “TÜV Austria Azərbaycan” MMC arasında dayanıqlılıq, beynəlxalq standartlar və yaşıl inkişaf istiqamətlərini əhatə edən əməkdaşlıq Memorandumu imzalanıb

Mingəçevir Dövlət Universiteti ilə “TÜV Austria Azərbaycan” MMC arasında dayanıqlılıq, beynəlxalq standartlar və yaşıl inkişaf istiqamətlərini əhatə edən əməkdaşlıq Memorandumu imzalanıb

2026-cı ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti ilə “TÜV Austria Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və “TÜV Austria Azərbaycan” MMC-nin direktoru Ülkər Quliyeva imzalayıblar.

İmzalanan sənəd MDU-nun beynəlxalq standartlara uyğun idarəetmə, keyfiyyət təminatı, dayanıqlı inkişaf, yaşıl kampus yanaşması və praktiki təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Memoranduma əsasən, tərəflər arasında təlim və peşəkar inkişaf proqramlarının təşkili, sertifikatlaşdırma xidmətləri üzrə əməkdaşlıq, inspeksiya və texniki yoxlama sahəsində bilik və təcrübə mübadiləsi, həmçinin dayanıqlılıq və ekoloji məsuliyyət istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində “TÜV Austria Azərbaycan” tərəfindən MDU-nun tələbə və müəllim heyəti üçün beynəlxalq standartlara uyğun təlimlərin təşkili, birgə seminarlar, konfranslar və ustad dərslərinin keçirilməsi, peşəkar sertifikat proqramlarının hazırlanması və tətbiqi planlaşdırılır. Eyni zamanda universitetin daxili idarəetmə və təhsil sistemlərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, müvafiq ISO standartları üzrə sertifikatlaşdırma prosesinə metodiki və texniki dəstəyin göstərilməsi də əməkdaşlığın əsas istiqamətləri sırasındadır.

Memorandum MDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərinin genişləndirilməsi, “yaşıl düşüncə”nin universitet mühitində təşviqi, enerji səmərəliliyi, resurslardan səmərəli istifadə, ekoloji məsuliyyət və dayanıqlı idarəetmə prinsiplərinin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq universitetin “GreenMetric” ruhuna uyğun olaraq yaşıl kampus, ekoloji maarifləndirmə, innovativ idarəetmə və dayanıqlı inkişaf hədəflərinə töhfə verəcək.

Sənədə əsasən, tərəflər ətraf mühitin qorunması, davamlı inkişaf, enerji səmərəliliyi və resursların optimallaşdırılması sahəsində birgə layihələrin həyata keçirilməsi, dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi-tədqiqat işlərinin təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.