MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

  • Рубрика записиMDU xəbərləri

2023-cü ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tyutor xidməti” təlim proqramı uğurla başa çatıb. MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”,  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimat bacarıqları” mövzularını əhatə edib.

2023-cü ilin sentyabrın 18-də MDU-nun elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov, Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və fakültə dekanları təlimləri başa vuran iştirakçılarla görüş keçiriblər.

Görüşdə çıxış edən professor V.Əyyubov tədrisin təşkilində keyfiyyətin artırılması, universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb, bu istiqamətdə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi baxımından MDU-da hər il təşkil olunan sözügedən təlim proqramının faydalarından danışıb. Yalnız MDU-da akademik məsləhətçi kimi çalışanların deyil, həmçinin, bir sıra şöbə və strukturlardan ümumilikdə 20-dən çox əməkdaşın təlimlərdə iştirak etdiyini bildirən V.Əyyubov proqramı müvəffəqiyyətlə başa vuran təlim iştirakçılarını təbrik edib və təşkilati işlərdə əməyi olanlara təşəkkürünü çatdırıb.

Sonra təlim proqramında iştirak edən əməkdaşların təəssüratları öyrənilib, təlim nəticələrinin dəyərləndirilməsi məqsədilə onlarla müvafiq qaydada söhbət aparılıb və təlimlərin gələcəkdə daha effektiv və təkmil həyata keçirilməsi istiqmətində təkliflər dinlənilib. 

Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da təhsilalanlara göstərilən ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə əməkdaşların, o cümlədən tyutorların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında MDU-da “Tyutor xidməti” təlimlərinin keçirilməsi nəzərdə tutulub.