Mingəçevir Dövlət Universitetində bioarxeologiyaya həsr olunan ustad dərsi keçirilib

  • Рубрика записиPedaqogika

Mingəçevir Dövlət Universitetində Tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün müasir elmin aktual istiqamətlərindən biri olan bioarxeologiyaya (paleoantropologiya) həsr olunmuş ustad dərsi təşkil edilib. Tədbirin qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun Fiziki Antropologiya laboratoriyasının müdiri, antropoloq Vüsal Həsənov olub.

“Bioarxeologiya: İnsan qalıqları əsasında keçmişin yenidən rekonstruksiyası” mövzusunda keçirilən ustad dərsində Vüsal Həsənov qədim insan populyasiyalarının həyat tərzi, sağlamlıq vəziyyəti və demoqrafik strukturunun öyrənilməsi metodlarından ətraflı bəhs edib. Bildirilib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən insan skeletlərinin makroskopik analizi, yaş və cins təyini üsulları, eləcə də paleodemoqrafik tədqiqatlar tarix elminin mühüm mənbələri kimi çıxış edir.

Mühazirə zamanı sümük qalıqları üzərində aparılan laborator analizlərin və qədim xəstəliklərin tədqiqinin elmi əhəmiyyəti izah olunub, bu istiqamətdə əldə edilən nəticələrin əcdadlarımızın gündəlik həyat tərzi və yaşayış şəraiti haqqında mühüm məlumatlar təqdim etdiyi diqqətə çatdırılıb.

İnteraktiv mühitdə keçən ustad dərsi tələbələrin böyük marağına səbəb olub, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və səsləndirilən suallar ətraflı şəkildə cavablandırılıb.

Qeyd edilib ki, bu kimi ustad dərslərin təşkili tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsinə, onların tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına və tədris prosesinin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.