Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində 2025-ci il noyabr ayının 24-dən 28-dək “Ustad dərsi həftəsi” keçirilib. Tədbir çərçivəsində fakültənin müxtəlif ixtisasları üzrə qrupların tələbələri üçün sahələrinin tanınmış mütəxəssisləri ilə silsilə ustad dərsləri təşkil edilib. Dərslərin keçirilməsində məqsəd tələbələrin nəzəri biliklərini praktik nümunələrlə zənginləşdirmək, peşəkar təcrübə və yeni əlaqələr formalaşdırmaq olub.
Həftə ərzində universitetin əməkdaşlıq etdiyi müxtəlif qurumların nümayəndələri tələbələrlə onlayn formatda birbaşa ünsiyyət quraraq onların gələcək karyera inkişafına yönəlmiş dəyərli məsləhət və tövsiyələrini bölüşüblər.
24 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Təhsildə sosial-psixoloji xidmətin əsasları” mövzusunda “TPX24” qrupuna onlayn ustad dərs keçirib. O, psixoloji dəstəyin mahiyyəti, məqsədi, təhsildə sosial-psixoloji xidmətin tətbiq sahələri və rolu barədə geniş məlumat verib. E. Rüstəmov bildirib ki, bu xidmət şəxsiyyətin inkişafı, emosional rifahın qorunması və sosial adaptasiyanın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dərs nəticəsində tələbələr universitetdə psixoloji xidmət sisteminin qurulması və ümumilikdə təhsil sistemində bu xidmətin yeri barədə ətraflı təsəvvür əldə ediblər.
Həmin gün Təhsil fakültəsinin “AƏ25” və “T25” qrupları üçün tanınmış ədəbiyyatşünas və esseist, professor Rüstəm Kamal “Təxəyyül və bədii yaradıcılıq” mövzusunda ustad dərs keçirib. O, ədəbi-estetik dünyagörüşün formalaşmasında təxəyyülün rolunu izah edib, süjetin, obrazın, dil və üslubun mətnə verdiyi poetik qatlara dair fikir və nümunələr təqdim edib. R. Kamal öz esse yaradıcılığı üzərindən tələbələrə yazı prosesində ideyanın formalaşdırılması, ilham mənbələrinin tapılması və bədii ifadə imkanlarının genişləndirilməsi barədə praktik məsləhətlər verib. Görüş tələbələrin yaradıcılıq potensialının və analitik düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Günün növbəti ustad dərsi “İS24.1” və “İS24.2” qruplarında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi Rafiq Yusifoğlunun iştirakı ilə baş tutub. O, uşaq ədəbiyyatının əhəmiyyəti, onun inkişafında uşaq jurnallarının rolu, eləcə də uşaqlarda vətənpərvərlik, humanizm və əməksevərlik kimi dəyərlərin formalaşmasına təsiri haqqında danışıb. R. Yusifoğlu uşaq şeir və hekayələrinin uşaq dünyagörüşünün formalaşmasında oynadığı rolu da izah edib.
25 noyabr tarixində “Tar24” qrupunun tələbələri Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova ilə onlayn görüşdə iştirak ediblər. O, 1918-ci il Azərbaycan soyqırımı haqqında arxiv sənədlərinə əsaslanan dolğun məlumatlar verib, kompleksin fəaliyyəti, tədqiqat metodları və sərgilənən eksponatların əhəmiyyəti barədə danışıb. Dərs zamanı tələbələrə kompleks üzrə virtual bələdçi videomaterialları nümayiş etdirilib. Bu virtual ekskursiya tarixi faktların vizual qavranmasına imkan yaradıb və tələbələrdə milli tarixə, eləcə də şəhidlərin xatirəsinə dərin hörmət hissi formalaşdırıb.
26 noyabr tarixində “T22.2” qrupunun tələbələri üçün “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva onlayn ustad dərs keçib. O, foto və videomateriallar vasitəsilə Şabran bölgəsinin orta əsrlərdən qalan tarixi abidələrini təqdim edib. Görüşdə Orta əsr Şabran şəhərinin arxeoloji əhəmiyyəti, Qafqazdakı ticarət yollarının rolu, Çıraqqala qoruğunun memarlıq xüsusiyyətləri və tapılmış maddi-mədəniyyət nümunələri barədə geniş məlumat verilib. Bu interaktiv tədris forması tələbələrə sinifdənkənar tarixi ekskursiyanı əvəz edən zəngin təcrübə qazandırıb.
Həmin gün “AƏ22.1” və “AƏ22.2” qruplarının tələbələri AYB üzvü, yazıçı İlqar Fəhmi ilə onlayn ustad dərsdə iştirak ediblər. O, “Aktrisa” və “Akvarium” romanlarının ideya-estetik xüsusiyyətləri barədə danışıb, yazı prosesinə dair sualları cavablandırıb. Görüş tələbələrdə müasir Azərbaycan nəsrinə marağı artırıb və onların ədəbi təfəkkür imkanlarını genişləndirib.
Günün son ustad dərsində “R24” qrupunun tələbələri üçün Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondu müdiri Şəfa Mövsümov çıxış edib. O, muzeydə saxlanılan eksponatlar əsasında 2020-ci il Vətən müharibəsinin gedişi, qəhrəmanları və vətənpərvərlik nümunələri barədə ətraflı məlumat verib. Tələbələr onlayn formatda eksponatları izləyərək onların tarixi mənşəyi və əhəmiyyəti barədə əlavə biliklər əldə ediblər.
27 noyabr tarixində “İS24.2” qrupunun tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəxrəddin Yusifovun ustad dərsində iştirak ediblər. F. Yusifov müəllimlik peşəsinin mahiyyəti, müəllimin bilik ötürməklə yanaşı şəxsiyyət formalaşdırmadakı rolu və cəmiyyətə təsiri haqqında danışıb. O, Azərbaycan dili və ədəbiyyatı üzrə tədqiqat təcrübələrini tələbələrlə bölüşüb və onların elmi fəaliyyətə marağını artırmaq məqsədilə öz araşdırmalarından nümunələr təqdim edib.
28 noyabr tarixində “T25” qrupuna Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fondunun müdiri Gülzadə Abdulova ustad dərs keçirib. O, etnoqrafiya və muzey işi barədə geniş məlumat verib, etnoqrafik materialların toplanması, mühafizəsi və sərgilənməsi prinsiplərini izah edib. G. Abdulova muzey fondlarının elmi tədqiqatlardakı rolunu və sərgilərin qurulmasında əhəmiyyətini tələbələrin diqqətinə çatdırıb.
Həftə ərzində keçirilən bütün ustad dərsləri interaktiv şəkildə təşkil olunub, tələbələrin sualları məruzəçilər tərəfindən cavablandırılıb və mövzular üzrə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Ustad dərsi həftəsi” Təhsil fakültəsi tələbələrinə nəzəri biliklərlə praktiki təcrübəni birləşdirmək, sahə üzrə peşəkarlarla birbaşa əlaqə qurmaq və gələcək ixtisas hazırlığını daha səmərəli planlaşdırmaq imkanı yaradıb.