MDU-da elmi konfrans: “Xocalı faciəsi: bu qan yerdə qalmadı”

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyıqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi: bu qan yerdə qalmadı” mövzusunda elmi konfrans keçirilib.

Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvü, professor-müəllimləri, tələbə və magistrantlar iştirak edib.

Konfrans soyqırım zamanı həlak olanların və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov bildirib ki, xalqımız hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda aparılan “antiterror əməliyyatları”nda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş  qəhrəmanlarımızın, həmçinin Xocalı faciəsi qurbanlarının qisası alındı, soydaşlarımızın qanı yerdə qalmadı. Artıq xalqımızın başı ucadır.

Rektor çıxışının sonunda Azərbaycan tarixinə qara hərflərlə əbədi həkk olan Xocalı soyqırımının heç zaman unudulmayacağını, gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. İlk dəfə Xocalı faciəsinin qurbanlarının ildönümünün Xocalıda anıldığını xüsusilə qeyd edən Ş.Bayramov Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.

Mövzu ilə bağlı videoçarxın nümayiş olunub.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 MDU-nun əməkdaşlarından Ayna Babazadə “Soyqırım – sosial-kulturoloji anlayış kimi”, Asim Məmmədov “Ermənilərin tarixi torpaqlarımızda törətdiyi soyqırımlar qan yaddaşımızdır”, Fəxriyyə İsayeva “Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsi” və Gülər Əjdərzadə “Böyük Qayıdışın yeni ünvanı – Xocalı!” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.

Qeyd edək ki, Xocalı Soyqırımının otuz ikinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə anılır.