Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi çərçivəsində ilk təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir şəhərində həyata keçirilən “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi çərçivəsində ilk təlim təşkil olunub.

Layihə çərçivəsində ilk təlim Mingəçevir şəhərində yerləşən Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə keçirilib. “Torpağın quruluşu və meyvə ağaclarının əkilmə üsulları” mövzusuna həsr olunan təlimin əsas məqsədi şagirdlərə aqronomluq sahəsinin əsasları barədə nəzəri biliklərin verilməsi və onların ekoloji biliklərinin artırılması olub.

Təlim zamanı iştirakçılara torpaq qatlarının strukturu, torpağın münbitlik göstəriciləri, müxtəlif torpaq növlərinin əkin üçün uyğunluğu və bitkilərin sağlam inkişafına təsir edən amillər barədə geniş məlumat təqdim olunub. Bununla yanaşı, meyvə ağaclarının əkilmə üsulları, əkin üçün çalanın hazırlanması, uyğunlaşdırma prosesləri və ilkin qulluq qaydaları nəzəri şəkildə izah edilib.

Təlimdən sonra layihə çərçivəsində fəaliyyətlərin həyata keçiriləcəyi əraziyə baxış keçirilib. Şagirdlər ərazinin xüsusiyyətləri və burada görüləcək işlərin mərhələləri ilə tanış olublar. Layihə üzrə fəaliyyətlərin daha səmərəli təşkili məqsədilə şagirdlər komandalara bölünüb və hər komandanın məsuliyyət istiqamətləri müəyyənləşdirilib.

Qeyd olunub ki, ilk təlim şagirdlərdə ekoloji düşüncənin formalaşmasına, təbiətə məsuliyyətli yanaşma tərzinin inkişafına və aqrar sahəyə dair ilkin praktiki biliklərin əldə olunmasına mühüm töhfə verir. Layihənin növbəti mərhələlərində kompost hazırlanması, bitkiçilik, ekoloji maarifləndirmə və yaradıcı ekoloji fəaliyyətlər üzrə digər təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə həyata keçirilir və şagirdlərdə ekoloji savadlılıqla yanaşı, praktiki bacarıqların formalaşdırılmasını hədəfləyir.