2026-cı ilin 18 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Yaşıl infrastruktur, ictimai nəqliyyat və şəhər ekosisteminin optimallaşdırılması” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Mexanika kafedrasının müdiri Mahir İsmayılov “Memarlıq və şəhərsalma ili” çərçivəsində keçirilən belə təşəbbüslərin dayanıqlı inkişaf məqsədləri baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, çıxışında müasir şəhərsalma yanaşmaları, ictimai nəqliyyatın sərnişin daşımaları xidmətində rolu və şəhər ekosisteminin formalaşmasında aidiyyəti dövlət qurumlarının məsuliyyəti barədə geniş məlumat verib.
Təlim çərçivəsində Mexanika kafedrasının gənc müəllimi Qaragöz Kərimov da çıxış edərək şəhərlərdə nəqliyyat sıxlığı problemlərinin yaranma səbəbləri, yol infrastrukturunun inkişafı və elektromobillərin istifadəsinin əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.
Təlim zamanı şəhər mühitində ekoloji tarazlığın qorunması, nəqliyyat sisteminin səmərəliliyinin artırılması və yaşıl infrastrukturun inkişafı istiqamətində müasir yanaşmalar müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf, şəhərsalma və ekoloji davamlılıq istiqamətində keçirilən bu kimi maarifləndirici tədbirlər tələbələrin və gənclərin müasir urbanizasiya çağırışları barədə məlumatlandırılması, onların ekoloji düşüncə və məsuliyyətli yanaşma vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.