MDU-da “Yaşıl könüllülər” dərnəyi təsis edilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl könüllülər” dərnəyi təsis edilib. Dərnək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncamla əlaqədar olaraq MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində yaradılıb.

“Yaşıl könüllülər”in üzvlərilə keçirilən görüşdə MDU-nun Ankara Hacı Bayram Veli Universitetindən olan qonaq professoru Evren Güçer könüllü tələbələrə uğurlar arzulayıb və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışıb. Professor bu istiqamətdə MDU-nun qarşısında müvafiq vəzifələr qoyulduğunu qeyd edib. Bildirib ki, MDU-nun alimlərinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə böyük potensiala malik elm və təhsil müəssisəsi kimi MDU bu proseslərdən kənar qalmayacaq və cəmiyyətə öz dəstəyini göstərərək ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir. O cümlədən, universitetdə il ərzində müxtəlif formatlı tədbirlər, aksiyalar, elmi konfranslar keçiriləcəyini bildirən E.Güçer bu işlərdə tələbə gənclərin, xüsusilə də könüllülərin mühim dəstəyi olduğunu qeyd edib və “Yaşıl könüllülər” dərnəyinin işinə uğurlar arzulayıb.

MDU-nun Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin rəhbəri Asim Məmmədov dərnəyin yaradılmasının əsas məqsədinin gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, tələbələri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarət olduğunu bildirib.

Sonda açıq səsvermə yolu ilə dərnəyin idarə heyətinin sədri və üzvləri seçilib.