Şahin Bayramov: Azərbaycanın hərbi qüdrəti həyata keçirilən kompleks tədbirlərlə davamlı şəkildə yüksəldilir (AZƏRTAC)

AZƏRTAC, 26.06.2023

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyini böyük qürur və fəxarət hissləri ilə qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan müasir Azərbaycanın ordu quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən kompleks tədbirlərlə hərbi qüdrətimiz davamlı şəkildə yüksəldilir.

Bunu Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov AZƏRTAC-a açıqlamasında deyib.

Rektor bildirib ki, dünyanın güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək 30 illik yurd həsrətinə son qoydu və tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq.

Sıralarında yüksək döyüş hazırlığına və ruhuna sahib peşəkar əsgər və zabitlərin xidmət etdiyi, müasir texnologiyalarla tam təchiz edilmiş Silahlı Qüvvələrimiz müstəqilliyimizin etibarlı qarantıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

“Postmüharibə dövründə də ayıq-sayıqlığı əldən verməyən və gücünü daha da artıran ordumuz bu gün də düşmən təxribatlarının qarşısını qətiyyətlə alır, bölgədə sülhün və təhlükəsizliyin gücləndirilməsi işinə töhfəsini verir. “Böyük Qayıdış” proqramı çərçivəsində sürətlə abadlaşdırılan və dirçəldilən doğma yurdlarına qayıdan və daimi məskunlaşmağa başlayan xalqımız ordumuza böyük güvən göstərir.

Prezident İlham Əliyevin “Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür” ifadəsi hər birimizi daha da ilhamlandırır və qürurlandırır, təhlükəsizliyimizin etibarlı əllərdə olmasına əminliyimizi artırır. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri!”, – deyə Ş.Bayramov bildirib.