Mingəçevirdə elmi-praktik seminar: “Yol hərəkətinin  təhlükəsizliyinin təminində maarifləndirici tədbirlərin rolu”

2023-cü il iyunun 8-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Gənclər Evinin birgə təşkilaçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Yol hərəkəti təhlükəsizliyinin təminində maarifləndirici tədbirlərin rolu” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda Daxili İşlər Nazirliyinin (DİN) Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Yol Polis Xidmətinin (YPX) nümayəndələri, Mingəçevir Gənclər Evinin əməkdaşları və könüllüləri, MDU-nun bir qrup professor-müəllim heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Seminarın açılışında Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və Mexanika kafedrasının müdiri Mahir İsmayılov giriş sözü ilə çıxış edərək yol təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işlərinin təkmilləşdirilməsinin önəmini diqqətə çatdırıblar. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan hazırki seminar “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi daşıyır.  

Sonra seminarın proqramına uyğun məruzələr dinlənilib. Mingəçevir ŞPŞ YPX-nın baş inspektoru Abuzər İsmayılov “Mingəçevir şəhərində yol hərəkətinin təşkili və təhlükəsizliyin vəziyyəti” , Bərdə Peşə Liseyinin müəllimi Zamin Hüseynov “Avtomobilin konstruktiv təhlükəsizliyinin yol-nəqliyyat qəzalarının azaldılmasına təsiri”, MDU-nun müəllimlərindən Əli Qurbanov “Sürücülük mədəniyyəti”, Qaragöz Kərimov “Yol hərəkəti təhlükəsizliyində risk faktorları və onların azaldılması yolları” və magistrant Habil İsmayılzadə “Yollarda işıqforun, nişanların, nişanlanma xətlərinin çatışmazlığından yaranan problemlər və onların həlli” mövzularında məruzə ilə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.