Müasir təhsil yanaşmalarında uşaqların zehni inkişafında sağlam həyat tərzinin, xüsusilə keyfiyyətli yuxunun rolu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin Pedaqogika və Psixologiya kafedrasının müəllimi Aytəkin İkram qızı Kərimova tərəfindən Mingəçevir şəhər 8 saylı körpələr evi–uşaq bağçasında “Yuxu gigiyenası və zehni performans” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Mingəçevir Dövlət Universitetinin Məktəbəqədər təhsil ixtisası üzrə təcrübəçi tələbələri və müvafiq bağçanın akademik heyəti üçün nəzərdə tutulmuşdur. Təlimdə Pedaqogika və Psixologiya kafedrasının müəllimi Türkanə Yusubova iştirak edərək mövzu ilə bağlı öz elmi və praktik fikirlərini bölüşüb.
Təlim zamanı bağça müəllimləri tərəfindən iştirakçılara yuxu gigiyenasının nəzəri əsasları, onun insan orqanizminə təsiri, xüsusilə məktəbəqədər yaşlı uşaqlarda zehni və fiziki inkişafla qarşılıqlı əlaqəsi elmi əsaslarla ətraflı izah edilib. Həmçinin, düzgün yuxu rejiminin formalaşdırılması yolları, yuxunun diqqət, yaddaş və öyrənmə qabiliyyətinə təsiri konkret nümunələr əsasında təhlil olunub.
İnteraktiv formatda keçirilən təlim zamanı tələbələr fəal iştirak edərək mövzu ətrafında geniş müzakirələr aparıb, öz fikirlərini bölüşüblər və praktik fəaliyyətlərdə bu biliklərin tətbiqi imkanlarını dəyərləndiriblər.
Təlimin nəticəsi olaraq iştirakçılar yuxu gigiyenasının əhəmiyyətini daha dərindən mənimsəyərək, gələcək pedaqoji fəaliyyətlərində bu bilikləri səmərəli istifadə etməyin vacibliyini başa düşüblər. Tədbir həmçinin məktəbəqədər təhsil sahəsində peşəkar inkişafın və uşaqların sağlam həyat tərzi prinsiplərinə uyğun təlim mühitinin formalaşdırılmasına xidmət etmişdir.