Zəfər paradının izləyicisi: Qələbənin qazanılmasında xalq-dövlət birliyini çox yüksək qiymətləndirirəm

  • Рубрика записиXəbərlər (AZ)

Zəfər paradının izləyicisi: Qələbənin qazanılmasında xalq-dövlət birliyini çox yüksək qiymətləndirirəm

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradı Qarabağ torpaqları uğrunda 30 ildən artıq apardığımız mübarizənin möhtəşəm yekunu oldu. Tanrı bu zəfəri xalqımıza çox görməsin.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının izləyicilərindən biri olan Bərdə sakini Cavid Qəhrəmanov deyib.

Cavid Mingəçevir Dövlət Universitetinin tələbəsidir. Tələbə olduğu üçün xalqımızın haqq savaşında iştirak edə bilmədiyinə görə təəssüflənir. Lakin bu savaşda qohumlarından, dostlarından şəhid olanlar var. Dayısı isə Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Divanalılar kəndi uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşub.

“Mən bu qələbənin qazanılmasında xalq-dövlət birliyini çox yüksək qiymətləndirirəm. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 200-250 ildə özünün ən böyük qələbəsini qazandı. Bugünkü Zəfər paradında mərkəzi tribunada Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanı görmək, onların çıxışlarını izləmək heç vaxt yaddaşımdan silinməyəcək.

Müzəffər Milli Ordumuzun 44 gün davam edən savaşda göstərdiyi qəhrəmanlıq nəticəsində əbədi və əzəli torpaqlarımız olan Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər və Laçına qovuşduğumuz, bayrağımızın Qarabağ həsrətimizin simvolu olan xarı-bülbülün vətəni Şuşada dalğalandığı üçün çox sevinirəm. Bu günü və onun sevincini yaşamağa dəyər”,- deyə həmsöhbətimiz bildirib.