Mingəçevir Dövlət Universitetinin tələbələri Uşaq və Ailələrə Dəstək Mərkəzində xeyriyyə ziyarətində iştirak ediblər

  • Рубрика записиMDU xəbərləri

2025-ci il dekabrın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən CreArt Klubunun üzvləri tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzinə bayramqabağı ziyarət təşkil olunub.

Ziyarətdə universitetin tələbələrindən ibarət komanda inkluziv uşaqlarla bir araya gələrək onlar üçün müxtəlif əyləncəli proqramlar təşkil edib. Görüş çərçivəsində uşaqlarla oyunlar oynanılıb, interaktiv fəaliyyətlər həyata keçirilib və səmimi ünsiyyət mühiti yaradılıb. Tədbirin ən yaddaqalan məqamlarından biri isə Şaxta baba və Qar qız obrazında təqdim olunan hədiyyələrin uşaqlara çatdırılması olub. Bu təşəbbüs balacaların sevincinə səbəb olmaqla yanaşı, onlarda bayram əhval-ruhiyyəsinin formalaşmasına töhfə verib.

Tələbələr qeyd ediblər ki, belə sosial yönümlü fəaliyyətlər onların cəmiyyətə faydalı və həssas yanaşmasının inkişafında mühüm rol oynayır. Bildirilib ki, uşaqların səmimi gülüşü və xoşbəxtliyi gənclər üçün ən böyük motivasiya və ilham mənbəyidir.

Tədbirin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaşlara və könüllülərə təşəkkür ifadə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sosial məsuliyyət və könüllülük fəaliyyətlərinə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif layihələr ardıcıl şəkildə həyata keçirilir.