2025-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin kollektivi tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub.
Ziyarətlər çərçivəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Natiq Qasımovun, universitetin şəhid məzunlarının ailələri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların ailələri, eləcə də Mingəçevir şəhəri üzrə bir qrup şəhid ailələri diqqət və ehtiramla yad edilib.
Universitet kollektivinin ziyarətlərdə MDU rəhbərliyinin şəhid ailələrinə səmimi təbrikləri çatdırılıb, onlara bayram ovqatı bəxş edən xoş arzular ifadə olunub. Görüşlər zamanı şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb.
Ziyarətlər zamanı universitet kollektivi tərəfindən ailələrə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər cəmiyyətdə sosial rifahın yüksəldilməsi, inklüziv dəyərlərin təşviqi və həssas qruplara diqqət və qayğının artırılması istiqamətində ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Universitet bu fəaliyyətləri ilə sosial məsuliyyət prinsiplərinə sadiqliyini və cəmiyyətə töhfə vermək missiyasını daim ön planda saxlayır.